Fitoterapiya müsahibə
Fitoterapevt olmaq üçün həkim olmaq mütləqdir.
Son dövrlər fitoterapiya (bitkilərlə müalicə) üsulu ilə müalicə geniş yayılıb. Xəstələr bəzən bitkilərin orqanizmə daha ziyansız olduğunu, bu müalicə üsulunun daha ucuz olduğunu düşünərək fitoterapiyaya üz tuturlar. Biz isə fitoterapiya haqqında daha geniş məlumatları müsahibimiz həkim – fitoterapevt, terapevt Elnur Eldaroğludan öyrəndik. E. Eldaroğlu özünü daha çox təbii üsullarla müalicəyə üstünlük verən həkim kimi təqdim etdi.
AzNews.az Elnur Eldaroğlu ilə müsahibəni təqdim edir:
-Son dövrlərdə fitoterapiya üsulu (bitkilərlə müalicə) geniş yayılıb. Xəstələr bu üsulla müalicəyə üstünlük verirlər. Bunun əsas səbəbi nədir?
-Fitoterapiya daha qədimdə istifadə olunan müalicə üsulu idi. Sadəcə olaraq elm-texnika inkişaf etdikcə kimyəvi müalicələrə yer ayrıldı və bunlar sənədlərə daxil olmağa başladı. Tibb inkişaf etdikcə də bu sənədlərə əsaslanırdı. Qaydalara əsasən də dərmanlara üz tutuldu. Sadəcə olaraq dərmanlar üzərində çox tədqiqatlar aparıldı. Bəziləri də yalançı tədqiqatlar oldu. Bəzilərinə arzulanmaz nəticələr qoyuldu, bəzilərindən insanlar bezdilər. Digərlərini istifadə etməkdən çəkindilər. Qədim xalq təbabətindən istifadə edən insanlar üsulun müsbət nəticələrini görüb buna döndülər. Əslində fitoterapiyaya elə də yaxşı baxmırdılar. Hazırda da yaxşı baxmayan tərəflər var və haqlıdırlar. Çünki xalq təbabətinin üsullarının çoxu tədqiq olunmayıb. Filankəsin nənəsi istifadə edib yaxşı təsiri olub, filankəs bu cür hazırlayıb daha yaxşı olub deyə tətbiq olunub. Amma necə hazırlanıb deyə dərinə gedən olmayıb. Bir də xalq təbabəti metodundan “ara həkimləri”, qeyri-tibbçilər məşğul olurlar. Necə ki bir yeməyin dərmanın uzlaşmayan cəhəti varsa, bitkilərdə də belədir. Bu boşluqlardan dolayı tibb bir çay kimi axır. Bir tərəfində bildiyimiz tibb, digər tərəfində isə xalq təbabəti dediyimiz təbii üsullarla müalicə davam edir. Bunlar heç qovuşa bilmirlər. Amma hər ikisinin çox yaxşı, həmçinin mənfi nəticələri də var.
-Elə bir xəstəlik varmı, orada fitoterapiya üsulunu tətbiq etmək mümkün olmasın?
-Əlbəttə, var. Orada bir bakteriya mövcuddursa, onu öldürmək üçün hər hansı dərmana ehtiyac duyulur. Ondan sonrakı reabilitasiya dövründə, xroniki hala keçməmək, daha yaxşı nəticələr əldə etmək üçün bitkilərə üstünlük verilir.
-Fitoterapiya hansı ölkələrdə daha geniş yayılıb?
-Hindistan, Çin, Rusiya, Ukrayna, Rumıniya və Almaniyada çox yaxşı inkişaf edib.
Tibbdə xalq təbabətindən, təbii üsullardan istifadə edənlər alternativ tibbçilər sayılır. Əslində belə deyil. Məsələn, bu üsuldan istifadə edən Amerika çox irəlidədir. Onlar “integrative medicine”, yəni tamamlayıcı tibblə məşğuldurlar. Məsələn, mən özüm də daha çox tamamlayıcı tibblə məşğulam, yəni dərmanları tam inkar etmirəm. Amma bir xəstəni həqiqətən də hər hansı bitkiylə, tutaq ki, biyan kökü ilə müalicə olunursa, əlavə bir şey yazmıram. Alternativ tibb o deməkdir ki, sənin şəkərin var, şəkər dərmanlarını kənara qoyursan, yalnız bitkilərdən istifadə edirsən. Tamamlayıcı tibb isə odur ki, dərmanların dozasını azalda-azalda bitkilərdən, təbii məhsullardan istifadə edə bilərsən. Tamamlayıcı tibb daha yaxşıdır, inkişaf etmiş ölkələrdə yaxşı səviyyədədir.
-Bitkilərlə müalicə zamanı xəstəliyin sağalması üçün proqnoz qoyula bilərmi?
-Proqnoz mümkün tərəfidir. O qədər olub ki, xəstələrdə mədə xorası, qurd xəstəliyi, qəbizlik olsun. Eləsi olur 10 günə də düzələ bilir. Əgər düzgün doza seçə biliriksə, hər bir şeydə mümkünlük var. Həm də burada yalnız bitki deyil, arı məhsullarından-propolis, çiçək tozu, güləm (perqa), baldan, məcunlardan, yəni bal və bitkilərin qarışığından istifadə edirik. Bu da İbn Sinanın tibbində var. Bir də bitkilərin ekstratını çıxara bilirik. Spirtdə, yağda və ya dəmləmə şəklində hər hansı birindən istifadə edə bilirik.
-Bu müalicə üsulunda bitkilərdən, təbii məhsullardan istifadə olunur. Olur ki, hər hansı məhsulu və ya bitkini Azərbaycanda əldə etmək mümkün olmasın?
-Elə bitkilər var, çox az saydadır. Çox təəssüf ki, daha çox Altaylara müraciət edirik. Ortiliya və qırmızı radiol bitkiləri var ki, bizim xalq təbabəti kitablarında adları yoxdur. Amma əksər bitkilər Azərbaycanda var. Bəzi videolarda çıxış edərək bildirmişəm ki, aslan pəncəsini Gədəbəydən tapdım. Əslində Azərbaycan dilində adı şaxduran və ya şehduran gedir. Elə bilirdilər ki, Azərbaycanda o bitki yoxdur. Elə bitkilər var ki, adlarını ya el dilində, ya da rus, türk və ya ingilis dilində bildiyimizə görə yanlış olur. Adları Azərbaycan dilində bilsək, daha yaxşı olar.
-Daha çox yaşlı nəsil həkimə müraciət etmədən də hər hansı bitkinin zərəri olmadığını düşünüb istifadə edir. Bu, nə dərəcədə doğrudur?
-O qədər də doğru baxmıram. Çünki biri itburnu içir bilmir ki, böyrəyində daş var, bu bitki isə çox güclü sidikqovucudur. Bitkiləri kor-koranə içmək olmaz, necə ki su çox içiləndə dərd verir. Hər bir məhsul qədərində olmalıdır. Amma bəzi bitkilər var ki, onları ara-sıra istifadə etmək olar. İlboyu istifadə etmək doğru deyil. İnsanlar məşhur bitkiləri daha çox içirlər. Məsələn yaşıl çay, bir ömürboyu içir, amma bu, doğru deyil. Məsələn, exinaseya bitkisi 14 gündən artıq, cökə bir aydan, çobanyastığı isə 25 gündən artıq istifadə olunmamalıdır. Günaşırı və 3 gündən bir istifadə olunacaq bitkilər sırasına isə bədrənc otu (melissa) daxildir. Bu bitkini 14 gündən sonra 1 həftə fasilə verib yenidən içmək olar. Ud hindi bitkisi var, onu uzun müddət istifadə etdikdə, ciddi əks təsirləri yarana bilər.
-Fitoterapiya üsulunda hər hansı yenilik etmək mümkündürmü?
-Əlbəttə, mümkündür. Sadəcə bunun üçün şərait yaradılsın. Yalnız Azərbaycanda deyil, dünyada da şərait yaratmağa o qədər maraqlı deyillər. Onkoloji preparatların 30%-i bitkilərdən alınır. Təbii ki, bitkini alıb birbaşa istifadə etmək toksiki təsirlər verə bilər. Ona görə onu dərman halına gətirirlər, yəni bitkilərdən alıb, yüksək texnologiyada istifadəni daha uyğun bilirlər. Bitkilərdən alınan kapsulları daha uyğun bilirəm. Bitkinin öz yağının alınması var, yağ da bir neçə cür üsullarla alınır. Ən yaxşı texnoloji şəkildə alanda, bitkinin hansı aktiv maddəsi varsa, onu istifadə etmək olar. Həmin aktiv maddəni alıb, təsiredici maddə kimi verməyimiz daha yaxşı nəticə verə bilir. Ona görə, tədqiqatına, istifadəsinə, doza həddinin aşılmamasına, doza nisbətinin qoyulmasına şərait yaradılsa, çox böyük işlər görmək olar. İbn Sina deyirdi ki, sağlamlığınız sizin ayağınızın altındadır. Yəni bitkilərdədir.
-Fitoterapevt olmaq üçün yalnız həkim olaraq insan orqanizmini bilmək kifayətdirmi, yoxsa başqa biliklərə də malik olmaq lazımdır?
-Fitoterapevt olmaq üçün həkim olmaq mütləqdir. Çünki fiziologiya, anatomiya, patofiziologiyanı bilmək vacibdir. Amma biz Tibb Universitetini oxuyanda, istər bizdə istərsə də xaricdə bitkilər tədris olunmurdu. Yalnız farmakologiya bölməsində oxuyanlar dərman bitkilərinin tibdə təsiri fənnini keçirlər. Onlar da tibbi bizim kimi yaxşı keçə bilmirlər. Onlara bitkini, bizə isə dərmanı yaxşı keçirlər. Biz insan orqanizmini onlardan daha yaxşı bilirik. Məsələn, Türkiyə 2016-cı ildə yeni qanun qəbul etdi. Fitoterapiya artıq elm kimi universitet daxilində var və mən də təhsilimi orada davam etdirmişəm. Nəinki fitoterapiya, hətta apierapiyanın özü də tədris olunur. Ona marağı olan tələbələr universiteti bitirdikdən sonra bu sahəni öyrənib tamamlayıcı tiblə məşğul olurlar.
-Əvvəllər bu üsulla müalicəyə üz tutanlar düşünürdülər ki, bitkilərlə müalicə daha ucuz başa gəlir. Amma hazırda bu müalicə üsulunda qiymətlər digər üsullardan heç də geri qalmır. Bunun səbəbi nədir?
-Qiymətə gör dəyişmir. Çünki əvvəllər bitkini daha çox tapmaq olurdusa, indi ekoloji cəhətdən təmiz, istədiyin bitkini tapa bilməzsən. Bitkini ildə bir dəfə yığırsansa, müəyyən dağa qalxacaq adama deyirsənsə, kənddə ona baxan biri tapırsansa, təbii ki, baha başa gələcək.
“Dekorativ bitkilər xalq təbabətində” adlı kitabımız nəşr olundu. Kitab Azərbaycan dilindədir və burada Azərbaycan parklarında bitən dekorativ bitkilərin müalicəvi təsirlərindən yazmışıq. Amma o demək deyil ki, gedib parkdan o bitkini yığacağıq. Bitki ekoloji cəhətdən təmiz olmalıdır.
-Müalicə üçün lazım olan vasitələri əldə etmək üçün kimlərə müraciət edirsiniz?
-Bəzən bitkiləri özümüz toplayırıq. Məsələn, arının, çiçək tozunun, arı südünün toplanıldığı kimi, bitkilərin də yığılma, quruldulma dövrü, şəraiti var. Bitkilərin tədarükü çox fərqlidir. Yetişdirə bilən adamların özlərindən də əldə edirik. Hər bitkidən istifadə etmək olmaz. Məsələn, bitkini yığıb sellofan paketlərdə ağzı tam bağlanmış şəkildə qoyurlar və əllərində satırlar. Bu, doğru deyil. O bir canlıdır, onun havalanması lazımdır. Bu yanlışlıqları kənara atıb, daha doğrusunu əldə edə bilirik.
-Fitoterapevt olmaq üçün hazırda xaricdə təhsilə ehtiyac varmı?
-Hazırda xaricdə təhsilə ehtiyac var. Çünki Azərbaycanda bu sahə tədris olunmur. 1 ay əvvəl mənə Tibb Universitetindən zəng gəldi, belə bir şey planlaşdırırlar. Olarsa, lap yaxşı. Hazırda isə xaricə getməyə dəyər. Mən Çin, Ukrayna, Rusiyada olmuşam. Amma Şri-Lanka, Hindistana getmədim. Almaniyanın Avropa Təbiət Elmləri Akademiyası var, oranın üzvüyəm. Türkiyədə təhsilimi davam etdirdim və orada müəyyən müddət işlədim.
-Azərbaycanda belə bir sahə açılarsa, orada fənni tədris etməyə yetərincə mütəxəssislər varmı?
-Çox yaşlılar və çox qaymaq insanlar var. Çox yaxşı olar ki, tez açılsın. Biz də çox az qalmışıq, amma yetişdirmək olar. Mən, məmnuniyyətlə, tədrisdə nə kömək lazımdırsa, etməyə hazıram.
Əsmər Qabil aznews

Rəylər