İbn sina - Qurdların müalicəsi

İbn sina - Qurdların müalicəsi

Bağırsaq qurdları
Qarında olan qurdlar hər şirədən əmələ gəlmir, onlar heç vaxt qara və ya qırmızı öddən yaranmır. Onlardan birincisi çox isti, digəri isə olduqca qurudur və həmin mühitlərin heç birində qurdlar törəyə bilmir. Qan bütün orqanlar üçün vacibdir və ona görə də əsaslı qorunur. Qan bağırsağa süzülüb durğunlaşan və qurdları törədən mayelərdən deyil. Bağırsaq qurdlarının forma və materiyası onların qandan deyil, selikdən yarandığını göstərir. Bağırsaqlara süzülən selik orada qalır, isinir, çürüyür və qurdların yaranmasına səbəb olur. Seliyin artıq miqdarda toplanması uyğun olmayan qida, həzmin zəifliyi və pozulması, həm də orqanların soyuq təbiəti ilə əlaqədardır. Qurd yaradan qidalardan yapışqanlı və yumşaq buğda, çiy ət və təzə meyvələr, süd, tərəvəz və göyərti daha təhlükəlidir. Yeməkdən sonra isti su ilə çimmək də pis təsir göstərir.
Bağırsaq qurdları dörd növdə olur – böyük və uzun olanlar, yumru, yastı və xırda qurdlar. Onlardan nisbətən az zərərlisi xırda qurdlardır, çünki ölçüləri kiçik, özləri isə vacib orqanlardan uzaqda yerləşir. İkinci yerdə uzun qurdlar gəlir, çünki onların materiyası yastı qurdlar qədər çürüntülü deyil.
Qurdlar daha çox uşaq və gənclərdə, bəzən isə yaşlılarda yaranır. İlin digər fəsilləri ilə müqayisədə qurdların əmələ gəlməsi hallarına payızda daha çox təsadüf edilir. Səbəbi meyvə-tərəvəzlərlərin bol yeyilməsi və havanın daha pis, boz-bulanıq olmasıdır. Axşam və gecə yuxusu zamanı qurdlar oyanır, bəzən yorğunluq və ağır fiziki işdən sonra özləri bağırsaqdan xaric olur. Bağırsaqdan çıxan qurdların diri olması yaxşı əlamət hesab olunur, deməli, orqanizmin onları qovmağa gücü çatır. Ölü qurdların xaric olması isə pis əlamətdir.
Qurd xəstəliyinin ən əsas əlaməti ağızdan suyun axmasıdır. Bağırsaqlarında qurd olan xəstənin dodaqları gecələr nəm, gündüzlər isə qupquru olur, yatarkən dişlərini qıcayır, sanki nəsə çeynəyir. Tez-tez diksinir və yuxuda qışqırır. Xəstə əsəbi olur, söhbət etməyi xoşlamır, iştahası zəif olur, yeməkdən sonra mədəsi bulanır.
Müalicə zamanı qurdları törədən materiyadan qurtulmaq, bağırsaqları selikdən təmizləmək və qurdları zəhərli dərmanlarla öldürmək əsas məqsəd hesab edilir. Ölmüş qurdlar bağırsaqlarda uzun müddət qalanda onların buxarı orqanizm zəhərləyir və ona görə də xəstəyə imalə edilməlidir.
Qurdları öldürən isti dərmanlar
Sadə dərmanlara itotu, 1 misqal* yeyilən yabanı cirə, yovşan, mirra, acıpaxla, seylon darçını, istiotlu nanə və onun təzə sıxılmış şirəsi, dəfnə meyvəsinin tumu, acı kol, yabanı zəfəran (saflor), adi nanə, məryəmnoxudu, qızılçətir, qaraqınıq və xüsusən də sarımsaq aiddir. Sarımsaq bəzən yastı qurdları da öldürməyə qadirdir. Onlardan başqa razyana toxumları, mərsin, arak (qədim mənbələrdə Qafqaz ərazisinin adı) palmasının toxumu, kələm toxumu, söyüd qabığı və ukiya* miqdarında içilən qurudulmuş andız kökü də faydalıdır. Qurdları öldürən və orqanizmdən qovan bitkilərdən isə kərəviz toxumları, vəzəri, qara çörəkotu toxumları, bağ sirkəninin toxumları və çəmən sarmaşığından istifadə olunur. Xəstə böyük qurtumla yetişməmiş zeytun yağını içəndə yağın acılığı qurdları öldürür, sürüşkənliyi isə bağırsaqlardan qovur. İpomeya (qrammofonçiçək) dəmləməsi yastı qurdları da öldürür.
Mürəkkəb dərmanlardan bəziləri qurdları öldürmək və qovmaq gücünə malikdir. Həmin dərmanlardan birini hazırlamaq üçün hərəsindən 1 və 1/3 dirhəm* adi yovşan və acı yovşan, 1/4 hissə kolokvint (acı balqabaq) ləti və 1 danak* hind duzu qarışdırılaraq xəstəyə içizdirilir. Yarıbayarı su ilə qarışdırılmış cirə (kumin) tozunun məhlulundan 2 misqal və ya bərabər miqdarda götürülmüş soda, acı bibər və yabanı cirə qarışığından dirhəm yarım qəbul etmək də qurdlara öldürücü təsir göstərir. Yaxud bərabər miqdarda andız, yovşan, acı bibər və erkək qıjı qarışdırılaraq 2-3 dirhəm qədərində xəstəyə verilir.
Qurdları öldürən soyuq və ilıq dərmanlar
Həmin dərmanlara üç gün müddətində maybuxtacla (həcminin 1/4-i qalana qədər qaynadılmış üzüm şirəsi) qarışdırılaraq içilən keşniş toxumları aiddir. Hər cür qurdları məhv edən güclü dərmanlardan biri də söyüd toxumlarıdır. Onların sikancubin (iki hissə alma sirkəsi, üç hissə qırmızı turş şərab və beş hissə balın qaynadılmasından alınan məhlul) və ya südlə bişirməsi və ya da dəmləməsi qəbul edilir. Dərmanlardan birini hazırlamaq üçün turş, ya da turşaşirin narın qabığı bir gecə suda qaynadılaraq süzülür və ya qabığının şirəsi sıxılır. Bağırsaq qurdları ilə yanaşı həm də ishaldan əziyyət çəkən xəstələrə bağayarpağının təzə sıxılmış şirəsi və suda isladılmış sumaq faydalıdır. Möhür gili ilə şərabın qarışığı da olduqca təsirli vasitələrdəndir. Qurdöldürücü dərmanlara həm də çox qəbul edilən pərpətöyün toxumları, acı kasnı və acı hinduba (südləyən) aiddir. Deyilənə görə, yemiş və dəmirtikan da ölü qurdları orqanizimdən xaric edir.
Qurdlardan əziyyət çəkənlər üçün imalələr
İmalələr qurd əleyhinə bitkilərdən dəmləmə şəklində hazırlanır və onlara işlədici vasitələr qatılır. Həmin işlədicilərə sabur (əzvay bitkisinin ləti), itxiyarı ləti və kolokvint (acı balqabaq) ləti aiddir. Xəstələrə ediləcək imalə məhluluna qətran qatılması nəticəni daha da yaxşılaşdırır.

www.fitostore.az

*misqal – 4,25 qram
**ukiya – 29,75 qram
***dirhəm – 2,975 qram
****danak – 0, 495 qram

Rəylər