Nərgiz- nələri müalicə edir

Nərgiz- nələri müalicə edir

Çox yaxşı tanıdığımız şirin qoxulu nərgiz gülü… İngilislər ona yaz zanbağı deyirlər, İranda onu gənclik ətri hesab edirlər, Azərbaycanda isə o, baharın elçisi olaraq bilinir.
Nərgiz sözü yunan dilində “narkao” sözündən yaranıb tərcümədə məst, sərxoş etmək deməkdir.
Gülün ətri uzun müddət evdə saxlanarsa, başağrılarına səbəb ola bilir. Parfümeriyada təbii və sintetik yağı geniş tətbiq edilməkdədir. Yetişdirilən zaman xüsusi baxım tələb etmir. Rusiyaya ilk dəfə nərgizi I Pyotr gətirərək dərman bitkiləri bağında əkdirmişdir.
Əfsanəyə görə, nərgiz çox gözəl gənc bir oğlan olmuşdur, öz əksini suda görərək özünə aşiq olmuş, gözlərini öz əksindən çəkə bilməyən gənc elə suyun kənarında da suya baxa-baxa ölmüşdür, o zamandan çay, gölməçə kənarında bitən nərgizlər suda sanki öz əkslərinə baxırmışlar kimi görüntü verirlər. Bəlkə də buna görə gül dilində nərgizlər məhz eqoizmin rəmzi hesab edilir.
Həmçinin əbəs yerə nərgizə şairlər çiçəyi deyilmir (Narcissus Poeticus). O, bir çox şairlərin ilham mənbəyi olmuşdur, həmçinin görkəmli rus yazıçısı Turgenevin də sevimli çiçəkləri idi.
Ukraynanın Karpat dağlarına yaxın ərazidə yerləşən Kireşi kəndində “Nərgizlər dərəsi” adlı qoruq vardır, burada nadir növ nərgiz gülləri yetişir.
Nərgizin şirəsi zəhərli olduğundan floristlər onu digər güllərlə eyni qabda saxlamırlar, hətta toksiki olduğuna görə onu heyvanlar da yemir.
Hazırda rəsmi təbabətdə tətbiq edilmir, lakin uzun müddət Hippokratın zamanından ta indilərə qədər xalq təbabətində tətbiq edilməkdədi. XX əsrin əvvəllərində Yapon alimləri nərgizdən alınan alkoloidlərin - narsissin, likorin, qalantamin bəzi növ leykozların müalicəsində effektiv nəticə verdiyini təcrübi sınaqdan keçirmişlər.
Allergiyası olanlar, hamilələr, südvermə dövründə olan qadınlar, azyaşlı uşaqlara əks göstərişdi. Bitkidən əldə edilən yağ, cövhər, spirtli çıxarış, dəmləmə həkim məsləhəti ilə furunkul, karbunkul, mastit, hemorroy zamanı xaricə istifadə edilə bilir.
Unutmayaq ki, nərgiz zəhərli bitkidir!

Rəylər

Oxşar məqalələr