Katarakta - İbn-sinadan

Katarakta - İbn-sinadan

Katarakta
O vaxt nə rentgen var idi, nə ultrasəs müayinəsi, nə də kompüter tamoqrafiyası...
O vaxt insan anatomiyasına, xəstəliklərin mahiyyəti, yaranması və inkişafına münasibət indikindən fərqli idi...
O vaxt xəstəliklərin müalicə üsulu və istifadə olunan dava-dərmanlar, tibbi avadanlıqlar və ölçü vahidləri də başqa idi...
Amma o vaxt tibb tarixinin ən böyük təbiblərindən biri olan İbn Sina var idi. Əbu Əli İbn Sina bir çox xəstəliklər, onların səbəbləri, müalicə və profilaktikası, həmçinin daxili xəstəliklər, göz və dəri, uşaq və qadın xəstəlikləri, cərrahi metodlara qədər ən müxtəlif tibbi məsələlər barədə məsləhətlər vermiş, əsərlər yazmışdır.
Yalnız primitiv usullarla diaqnoz qoyulduğu dövrdə məşhur Şərq loğmanının bəzi xəstəliklərə yanaşma və müalisə formaları indi birmənalı qarşılanmaya da bilər. Lakin onun yaşadığı dövrdə təbabətin səviyyəsini də unutmaq lazım deyil. Buna baxmayaraq böyük loğmanın bir sıra xəstəliklər və onların müalicə üsulları barədə mövqeyi bu gün də aktual səsələnir və böyük maraq doğurur. Elə buna görə də onun xəstəliklər və onların müalicə üsulları barədə yazdıqlarına üz tutmaq, məsləhət və tövsiyələrini yada salmaq həmişə vacibdir. İbn Sina həmişə öyrənilməli, həmişə araşdırılmalıdır...
Katrakta – yəni, göz mayelərinin tıxanması səbəbindən yaranan xəstəlik zamanı üzüməbənzər qişa dəliyində ağlı qişa ilə buynuz qişa arasında yad maye toplanır və obrazların görmə mərkəzinə ötürülməsinə maneə törədir. Kataraktalar həm kəmiyyətinə, həm də keyfiyyətinə görə fərqlənir. Kəmiyyət fərqi ondan ibarətdir ki, bəzən toplanan suyun miqdarı görmə dəliyinin həcmindən çox olduğuna görə bütün dəliyi qapayır, nəticədə göz heç nə görmür. Bəzən isə suyun miqdarı az olduğundan yalnız dəliyin bir qismini qapayır və qapalı hissənin qarşısında olan cisimlər görünməsə də, dəliyin açıq qalan hissəsinin qarşısına düşən cisimlər gözlə görülür. Elə də olur ki, cismin yalnız bir hissəsi görünür, gözün istiqamətini dəyişməklə digər hissələri də görmək olur. Natamam qapanma çox vaxt yuxarı hissəyə uyğun gəlir, az hallarda isə orta və ya aşağı nahiyələri tutur. Həmin vaxt xəstə cisimlərin kənarlarını görür, ortası isə qaranlıq olur.
Keyfiyyət dəyişkənliyi dəliyi tutan maye təbəqəsinin sıxlığı ilə əlaqədardır. Kataraktanın bir növündə maye təbəqəsi nazik və şəffaf olur, günəş şüalarının düşməsinə maneə yaratmır, digər növündə isə möhkəm və sərt olur. Rənglə əlaqədar fərqlər də olur. Kataraktanın bir növü hava rəngində, digəri isə əhəng kimi ağ olur. Başqa növlərdən mirvari-ağ rəngli, maviyəçalan ağ, firuzeyi, qızılı, sarı, boz və qara rəngdə olan katarktalara rast gəlinir. Rənginə görə qiymətləndirsək, müalicəyə ən yaxşı tabe olanları hava, mirvari, maviyəçalan ağ və firuzeyi olanlardır. Digər rənglərdə olan kataraktalar isə müalicə olunmur.
Qalınlıq dərəcəsini nəzərə alsaq nazik kataraktalar asan müalicə olunur. Ona yarımkölgədə baxanda və üzərinə barmaqla astaca basanda tez sorularaq gözdən itir, lakin sonra yenidən toplanır. Həmin təcrübədən keçmiş gözdən katarakta kəsilərək çıxarılır. Lakin gözə tez-tez basanda katarakta dağılır və onun kəsilməsi çətinləşir. Həmin sınağı əvvəlki həkimlər başqa cür aparıblar. Onlar gözün üzərinə kiçik pambıq parça hissəsi qoyur və bərk üfürürdülər, sonra dərhal çıxarıb baxaraq kataraktanın yerləşməsində hər hansı bir dəyişiklik əmələ gəlib gəlmədiyini yoxlayırdılar. Dəyişiklik görəndə onu kəsib çıxarırdılar.
Beyin xəstəlikləri və ya gözün zədələnməsi nəticəsində əmələ gələn kataraktalar isə ümumiyyətlə müalicəyə çətin tabe olur.
Əlamətlər
Kataraktaya dəlalət edən əlamətlərin bir qismi haqqında məlumat verildi. Onlardan başqa xüsusilə bir gözdə alatoran görmə, yanan şam və ya lampa kimi işıq saçan cisimlərin ikiləşməsi də katarakta əlamətinə aiddir.
Katarakta ilə görmə sinirinin daxili qapanması arasında fərqli əlamətlər var: katarakta zamanı bir gözü bağlayanda digərinin bəbəyi genişlənir, daxili tıxanma zamanı isə genişlənmir. Bu, ona görə baş verir ki, görmə pnevması bağlı gözdən açıq gözə doğru itələnir. Pnevma daxildə tıxanmaya rastlayanda isə keçə bilmir və qapanan gözün bəbəyi genəlir. Həmin sınaq yalnız katarakta çox sərt və qalın olanda özünü doğrultmur.
Müalicə
Tanıdığım aqil və dünyagörmüş insanlardan biri özündə olan kataraktanı sidik vasitəsilə, nəfsinə qalib gəlməklə və qəbul etdiyi qidanı azaltmaqla sağaldıb. O, duru və bədəni nəmləndirən bütün yemək və şorbalardan imtina etmiş, yalnız qızartma və bozartmalarla qidalanmış, həlledici və durulaşdırıcı göz dərmanlarından istifadə etmiş və bunun nəticəsində görmə qabiliyyəti bərpa olunmuşdur. Həqiqətən də xəstəliyin lap əvvəlində müalicəyə başlayanda rejim çox faydalı olur. Tam bərkimiş katarakta zamanı onu kəsib götürməkdən başqa çarə yoxdur. Ona görə də gözündə katarakta olan xəstələr çox yeməkdən və mədənin həddən artıq dolmasından, şərab içməkdən, tez-tez cinsi əlaqədən çəkinməli və gündə bir dəfə – günün birinci yarısında yemək yeməli, həmçinin balıq, kobud ət və meyvələrdən az istifadə etməlidirlər. Qusma mədəni təmizlədiyinə görə digər xəstəliklər zamanı faydalı olsa da, kataraktaya zərər verir.
Bir neçə sınanmış vasitə göstərmək olar.
10 hissə lətindən təmizlənmiş zeytun tumlarına bir hissə qətran əlavə edilir, xırdalanaraq əzilir, kataraktanın müalicəsində istifadə olunmaq üçün qarışığa həddi-büluğa çatmamış oğlan uşağının sidiyi əlavə olunaraq daxilə qəbul edilir. Görmə zəifliyinin müalicəsi zamanı sidik əvəzinə sudan istifadə olunur. Amidadan olan Eti deyir: “Gürzənin ödü ilə balı qarışdırıb gözə sürtmək yaxşıdır.” Mənim mövqeyim bundan ibarətdir ki, insanlar gürzə ödünü istifadə edərək onun zəhərli təsir göstərmədiyini sınaqdan çıxarıblar, ona görə də həmin üsuldan qorxmaq lazım deyil. Başqa bir sınanmış təsirli vasitə də var: hərəsindən bir misqal Fanakidis adasından yığılmış buğda şirəsi, məryəmnoxudu və mərcan xırdalanaraq razyana suyu ilə qarışdırılır.
Kataraktanı kəsib götürməzdən əvvəl bədəni, xüsusən də başı təmizləmək, lazım gələrsə həcəmət etmək lazımdır. Diqqət etmək lazımdır ki, kataraktası çıxarılan zaman xəstənin başı ağrımasın, öskürəyi olmasın, qıcıqlanan və qəzəblənən olmasın, çünki hirs və qəzəb kataraktanın qayıtmasına səbəb olan amillərdir. Xəstə şərabdan imtina etməli, isti hamamda çimməməlidir. Gözdə toplanan maye tam qatılaşanda və hərəkətsizləşəndə yetişmiş hesab olunur və onu xaric etmək olar.
Kataraktanı xaric etməzdən əvvəl xəstəyə gözdə toplanan mayeni ağırlaşdıran rütubətləndirici qidalar, o cümlədən balıq verilməlidir. Lakin katarakta çox qalın olanda da nazik olduğu kimi kəsilməyə yararlı deyil. Əməliyyat zamanı xəstəyə gözün iç küncünə, yəni buruna tərəf baxmaq və həmin vəziyyəti saxlamaq tapşırılır. Xəstə pəncərə önündə və ya çox işıqlı yerdə oturmamalıdır. Sonra kataraktanın çıxarılmasına başlanılır: mikdaxa ⃰ ilə buynuz qişa deşilir və iki qişanın arasındakı görmə dəliyinə salınır. Sonra həmin dəliyə mixat ⃰ salınır və katarakta aşağıya doğru itələnir. Mixat çıxarıldıqdan sonra kataraktanın geri qayıtmamasına fikir vermək lazımdır. Bundan sonra xəstə gözə pambıq parçaya sürtülmüş yumurta sarısı ilə bənövşə yağının qarışığı qoyulur və hər iki göz bağlanır. Üç gündən bir yara açılaraq sarğısı dəyişdirilir.
⃰ həcəmət - qanburaxma (Hicama)
⃰ mikdaxa – qədimdə göz cərrahiyyəsində istifadə olunan deşici alət
⃰ mixat – qədimdə göz cərrahiyyəsində istifadə olunan küt alət

Hicama proseduru üçün APİMED-Təbii üsullar mərkəzi 0703330020