Burun qanaxmaları

Burun qanaxmaları

Burun qanaxmaları
Burun qanaxması hər kəsin həyatında bir dəfə də olsa başına gələn hadisələrdəndir.
Burunun daxilindəki burun balıqqulaqları damarlarla zəngin olduğundan, burun çəpərinin ön hissəsində-Kisselbax zonasında yerləşən böyük damarlar səthə daha yaxın olduğundan yüngül zədələnmədən belə burun qanaxması müşahidə olunur. Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və s. xəstəliklər nəticəsində yaxud güclü fiziki gərginlikdən sonra baş verir.
Burun qanaxmasının əsas səbəbi burun boşluğu selikli qişasının tamlığının pozulmasıdır. Burun qanaxmasının səbəbləri yerli və ümumi olmaqla iki qrupa ayrılır.
Yerli səbəblərə;
*burundaxili quruluşun zədələnməsinə səbəb olan-yad cisim, əməliyyat zədələnmələri, burun boşluğunda aparılan hər hansı manipulyasiya;
* selikli qişanın hiperemiyalaşmasına səbəb olan kəskin və xroniki iltihabi proseslər- rinitlər, sinusitlər, adenoidlər;
* burun boğluğu selikli qişasının distrofik dəyişkənliyi-atrofik rinit, burun arakəsməsinin əyilməsi;
*burun boşluğunda hər hansı törəmə- angioma, bədxassəli şiş, spesifik qranuloma.
Ümumi səbəblərə;
*ürək-damar sistemi xəstəlikləri- hipertoniya, ürək qüsuru, damar anomaliyaları, ateroskleroz;
*qan laxtalanmasının pozulması ilə əlaqədar xəstəliklər, diatezlər, hipo və avitaminoz;
*kəskin infeksion xəstəliklər, isti və gün vurma halları;
*barometrik təzyiqin qəfil düşüb-qalxması nəticəsində yaranan patoloji hallar- uçuş, sualtı üzmə, alpinizm zamanı;
*hormonal disbalanslar- cinsi yetişkənlik, hamiləlik, klimaks.

Reseptlər:
*1 xörək qaşığı quru gicitkən yarpaqları 1 stəkan qaynar suda 10 dəqiqə zəif odda dəmlənir, soyudulur süzülür. 1 çay qaşığı gündə 4-5 dəfə daxilə qəbul edilir.
Yuxardakı qaydada dəmləmə hazırlanır. Kiçik ölçülü qablara tökərək soyuducuda dondurulur. Qanaxma zamanı yerli olaraq istifadə edilir.
*2 xörək qaşığı dərman sincanotu kökləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, zəif odda 5 dəqiqə bişirilir, süzülür. Qanaxmalar zamanı hər saatda 1 xörək qaşığı daxilə qəbul edilir.
*Ayaqlara soyuq islatma qoyulur.
*3 qram mumya 10 ml su ilə qarışdırılır. Məhlulda isladılmış tənzif paraça ilə burun boşluğuna tampon qoyulur.
* Hərəsindən 100 qram olmaqla təzə bağayarpağı yarpağı və boymadərən otu eynicinsli kütlə olanadək taxta və ya saxsı qabda əzilir, tənzif parçadan süzülür. Alınan şirə 2-3 damcı buruna damızdırılır və 10 damcı daxilə qəbul edilir.
* 20 qram xırdalanmış palıd qabığı üzərinə 200 ml qaynar su əlavə edilir, emallı qabda, zəif odda 15 dəqiqə bişirilir, ocaqdan götürülür, 45 dəqiqə soyudulur, süzülür. 3-4 damcı hər buruna damızdırılır.
* 10 qram bağayarpağı yarpaqları üzərinə 200 ml qaynar su əlavə edilir, ağzı bağlı qabda, zəif odda 15 dəqiqə qaynadılır, ocaqdan götürərək 1 saat dəmlənir, süzülür. 1 xörək qaşığı gündə 3-4 dəfə daxilə qəbul edilir.
İlk yardım:
- Zərərçəkmişi otuzdurub, başını önə əymək, burun pərlərini 10-15 dəqiqə ərzində burun çəpərinə sıxmaq.
- Burunda yad cisim olub-olmadığını müəyyənləşdirmək.
- Burnun üstünə və alına buz qoymaq.
- Burun keçəcəyinə hemostatik süngər və ya tənzif tampon qoymaq.
- Qanaxma zamanı uzanmaq, danışmaq olmaz.
- Qanaxma dayandıqdan dərhal sonra burun nahiyyəsinə əl vurmaq, burnu silmək və s. Olmaz.