Qurdların qənimi - erkək qıjı

Qurdların qənimi - erkək qıjı

Erkək qıjı
Dryopteris filix-mas
Latın dilindən tərcümədə bitkinin adı drys – palıd, pteris isə qıjı deməkdir. Hərfi təcümədə palıd meşəsinin qıjısı anlamına gəlir.
Botaniki təsviri. Çoxillik ot bitkisi olub qıjıkimilər – Aspidiaceae ailəsinə aid edilir. Kökümsovu möhkəm və qalındır, üzərin sıx şəkildə nazik köklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl rəngli, uzunsov-elliptik formada, uzunluğu isə 1 metrə qədərdir. Yarpaqlarının alt səthində qonur rəngli sporangilər yerləşmişdir.
Yayılması. Əsasən palıd və şam meşələrində, rütubətli, kölgəli, çürüntü ilə zəngin olan bir mühitdə bitir. Qafqazda dağlıq ərazisindəki meşələrdə, Sibirdə şam tayqalarında, Uzaq Şərqdə isə sidr bitən ərazilərdə geniş yayılmışdır.
Kimyəvi tərkibi. Erkək qıjının kökümsovlarının tərkibində floroqlyusin, filiksin turşusu (filisin), filmaron, albaspidin, aspidinol, flavospidin turşusu, aşı maddələri, flavonoidlər, nişasta, acı maddələr və efir yağları mövcuddur.
Farmakoloji xüsusiyyətləri. Erkək qıjının tərkibinə daxil olan floroqlyusinin törəmələrinin soyuqqanlı heyvanların əzələ sisteminə qarşı xüsusi toksikiliyə malik olması laborator təcrübələrdə təsdiqlənmişdir. Lakin istiqanlı heyvanlarda isə bu maddəyə qarşı sinir sistemi xüsusi həssaslıq göstərir. Eyni zamanda bu bitkinin lentşəkilli qurdlar əleyhinə də güclü təsiri mövcuddur. Bu təsir bitkinin tərkibində olan filiksin turşusuna görədir.
Xammalı. Müalicə məqsədilə bitkinin kökümsovlarından istifadə edilir. Bitki əsasən avqustun axırlarından oktyababra qədər tədarük edilir, ehtiyatla kölgəlikdə qurudulur. Xammalın qurudulduqdan sonra ağzı bağlı yerlərdə saxlanılması məsləhət görülür.
Tibdə tətbiqi. Bitki zəhərlidir. Ondan hələ Qədim Yunanıstanda lentşəkilli qurdlar əleyhinə istifadə edilməyə başlanmışdır. Lakin bu bitkinin daha dəqiq göstərişləri XVIII əsrin axırlarında məlum olmuşdur.
Dərman formaları.
Erkək qıjının qatı ekstraktı (Extractum filicis maris spissum). Bu dərman vasitəsi xüsusilə lentşəkilli qurdlar əleyhinə tətbiq edilir. Böyüklər üçün yüksək birdəfəlik doza 8 qr təşkil edir.
Filiksan (Filixanum). Erkək qıjının kökümsovunun tərkibinə daxil olan təsiredici maddələrdən ibarət bir dərman vasitəsidir.
Əlavə təsirləri. Bitkinin insan orqanizminə göstərdiyi əlavə təsirlərinə daxildir: ürəkbulanma, qusma, ishal, başgicəllənmə, başağrısı, ürək fəaliyyətinin zəifləməsi, qaraciyərin degenerativ dəyişiklikləri.
Əks göstərişləri. Ürək-damar sistemi çatışmazlığı, qaraciyər və böyrək xəstəlikləri, mədə və onikibarmaq bağırsaq xorası, kəskin mədə-bağırsaq xəstəlikləri, qızdırmalı hallar, kaxeksiya, anemiya, vərəm, hamiləlik və 2 yaşına qədər uşaqlar.
Reseptlər.
Adneksit. Qurudulmuş və xırdalanmış qıjıdan 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir. 15 dəqiqə dəmləndikdən sonra 45 dəqiqə soyudulur, süzülür. Alınmış məhlul 4 yerə bölünərək daxilə qəbul edilir. Qəbul müddəti 2-3 həftədir.
Venoz damar varikozu. Bu zaman təzə yığılmış qıjının üst hissəsi xırdalanaraq sıyıq şəklinə salınır. Bundan sonra alınmış kütlə 1:1 nisbətində turşumuş südlə qarışdırılıb 1 sm qalınlığında zədələnmiş damar nahiyəsinə yaxılır. Üzərindən 6-8 qat tənziflə bağlanıb 5-6 saat saxlanır.
Onkoloji xəstəliklər. Onkoloji xəstəliklər zamanı təzə yığılmış xırdalanmış bitkinin spirtli cövhəri gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.


Təbii bitki və arı məhsulları üçün www.fitostore.az
0556464662