Göyəm yarpağı, çiçəyi və meyvəsi də faydalı

Göyəm yarpağı, çiçəyi və meyvəsi də faydalı

Göyəm - Prinus spinosa adlanır. Göyəm, yarpaqları əmələ gəlməmiş, erkən yazda – aprel-mayda çiçəkləyir. Meyvələri iyul-avqustda yetişir. Qışa qədər budaqlardan tökülmür.
Azərbaycanda meyvələri çox iri, şirin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el arasında Xangöyəm deyilir.
Göyəm yarpağı C vitamini ilə zəngindir. Meyvələrindən əsasən emal olunmuş halda istifadə edilir. Bu bitkinin yarpaqlarında C və E vitamini, fenolkarbon turşuları, flavanoidlər, antosianlar var. Müalicə vasitəsi kimi göyəmin meyvəsi və yarpağı istifadə olunur. Büzüşdürücü xüsusiyyətə malik olan meyvələr antiseptik, sidikqovucu və ishala qarşı vasitə kimi istifadə olunur. Göyəm meyvələrindən hazırlanmış mürəbbə xalq təbabətində soyuqdəymə, mədə-bağırsaq pozuntuları (ishal) zamanı istifadə edilir. Ondan, həmçinin iştahaçıcı kimi də istifadə olunur. Göyəm çiçəklərindən hazırlanmış dəmləmə də sidikqovucu, tərgətirici, mədəyumşaldıcı olaraq işlənir. O, ürək bulanmasının, qusmanın qarşısını ala bilir, maddələr mübadiləsini nizamlayır, əsəb sistemini sakitləşdirir. Göyəm yarpaqlarından hazırlanmış çay da eyni xüsusiyyətlərə malik olur. O, işlədici xüsusiyyətli olmaqla diurezi artırır, xroniki qəbizlik, sistit, prostat adenoması xəstəliklərində və xüsusən oturaq iş rejimli insanlar üçün faydalıdır. Yarpaq dəmləməsi ağız boşluğunun soyuqlaması zamanı qarqara üçün, həlimi dəri xəstəliklərinin, sirkə ilə qarışdırılmış həlimi isə irinli yara və xoraların müalicəsində istifadə olunur. Göyəm çiçəkləri və yarpaqlarından hazırlanmış dəmləmə böyrəklərin və sidik kisəsinin soyuqlaması və dermatozda istifadə olunur.
Göyəmin güllərindən və yarpaqlarından çox faydalı müalicəvi çay hazırlayırlar. Bu çay bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yüngül işlətmə dərman kimi təsir edir, orqanizmdən toksinləri və şlakları xaric edir, sakitləşdirir.
Göyəmin meyvələri damarları möhkəmləndirir, onların elastikliyini artırır.
Fitonsidlərlə zəngin olan göyəm mikrob əleyhinə təsirə malikdir.
Göyəm və göyəm kompotu diareya (ishal) zamanı çox yaxşı kömək edir, bağırsaqları "yığır", bağırsaqlara antiseptik təsir edir.
Göyəm antosian maddələrlə zəngindir. Bu maddələr güclü antioksidantlardır. Antioksidantlar orqanizmdə hüceyrə səviyəsində qocalma proseslərini ləngidir, insanın həyatını uzadır.
Həmçinin antosian maddələri gözlərin torlu qişasını möhkəmləndirir, göz təzyiqini normallaşdırır, göz yorğunluğunu azaldır. Bütün bunlar görmənin yaxşılaşmasına kömək edir.
Göyəmin bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq göyəm qastrit və xora xəstəliklərindən əziyyət çəkən insanlar üçün ziyanlıdır. Bundan əlavə göyəm allergik reaksiyalara səbəb ola bilər.
5 x.q. gül və (və ya) yarpaq termosda 1 l qaynar suda dəmlənilir və gün ərzində 3 dəfə 1/2 stəkan olmaqla içilir.