Dəmrovotu yoxsa rus jenşeni

Dəmrovotu yoxsa rus jenşeni

Dəmrovotu bitkisi
(Chelidonium majus)
Dəmrovotu bitkisi laləkimilər Papaveraceae fəsiləsinə aid çoxillik ot bitkisidir. Müasir fikirlərə görə bu bitkinin yeganə növü böyük dəmrovotudur (Chelidonium majus). Bitkinin latınca adının tərcüməsi qaranquş otu deməkdir. Bu adı ona yunanlar vermişlər: onlar fikir vermişlər ki, dəmrovotu bitkisi qaranquşların gəlməsi ilə çiçəkləyir, uçub getmələrilə isə solur. Bitki əsasən Avropa və Aralıq dənizi ərazisində bitir. Dəmrovotu 1672-ci ildə Amerikaya kolonizatorlar vasitəsilə dəri xəstəliklərinin müalicəsində istifadə edilən dərman bitkisi kimi gətirilmişdir. Rusiyada bitkini bir çox sahələrdə ağır xəstəliklərin (hətta onkoloji) müalicəsində istifadə edildiyinə görə “rus jenşeni” də adlandırırlar.
Tarix. Eramızdan əvvəl II əsrdə yaşamış yunan alimi Teofrast dəmrovotunun sarılıqların, qaraciyər şişləri və qəbizliklərin müalicəsində istifadə edildiyini qeyd etmişdir. İbn Sina isə bildirirdi ki, bu bitkini çeynədikdə diş ağrısı azalır, onun şirəsi görməni itiləşdirir, kataraktanı müalicə edir və s. Bunlardan əlavə qədimdə yaşamış cadugər və təbiblərin fikrinə görə təzə yığılmış dəmrovotu bitkisini hər 3 gündən bir üzərində gəzdirən insan depressiyadan azad olar. Üzərində qurudulmuş dəmrovotu gəzdirən insan isə hər yerdə sülh, razılıq əldə edər. XVI əsrdən bitkini nəinki dərman, həm də dekorativ bitki kimi də becərirlər.
Yayılması. Bitki əsasən meşələrdə, qayalıqlarda, yolların kənarlarında bitir. Dəmrovotuna daha çox bostan və bağlarda rast gəlmək mümkündür.
Botaniki təsviri. Böyük dəmrovotu düz budaqlanan, 50-100 sm-lik gövdəyə malikdir. Budaqlarını qırdıqda oradan narıncı rəngdə şirə xaric olur. Buna görə də bitkiyə bəzən sarı südləyən deyirlər. Yarpaqları dairə və ya ovalşəkillidir. Çiçəkləri sarı olub sadə çətir çiçək qrupunda toplanmışdır. Hər çiçəyin də 1 sm uzunluğunda 4 ləçəyi var. Dəmrovotu maydan avqust ayına qədər çiçəkləyir. Toxumları qara rəngdə olub çox da iri deyil. Dəmrovotunun toxumları üzərində qarışqaları cəlb edən xüsusi qida əlavələri olan elayosomlar mövcuddur ki, bunlar da bitkinin toxumlarının qarışqalar vasitəsilə yayılmasına kömək edir.
Kimyəvi tərkibi. Dəmrovotu bitkisi zəhərlidir. Belə ki, onun tərkibində homoxelidonin, heleritrin, sanqvinarin, protopin və s. kimi 20-dən çox alkaloid vardır. Xelidonin alkaloidi kimyəvi quruluşuna görə papaverin və morfinə bənzəyir. Həmçinin bitkinin tərkibində efir yağlarının izləri, vitamin C, karotin, flavonoidlər, saponinlər, acı maddələr, üzvi turşular (xelidon, alma, limon və kəhrəba turşuları) və s. vardır. Homoxelidonin qıcedici zəhər və yerli təsir edən güclü anestetikdir. Xeleritrin yerli qıcıqlandırıcıdır. Sanqvinarin qısamüddətli narkotik təsirə malik maddədir, həmçinin bağırsaqların peristaltikasını artırır. Protopin vegetativ sinir sisteminin reaktivliyini azaldır, uşaqlığın saya əzələsini tonuslandırır.
Bitki heyvanlar üçün də çox zəhərlidir, belə ki, onu yeyən istənilən iribuynuzlu heyvan zəhərlənir, həmçinin bu bitkinin təsirindən donuzlar nəinki güclərini itirir, həm də karlaşırlar. Bu bitki bir tək xallı marallar üçün zəhərli deyil.
Farmakoloji xüsusiyyətləri. Dəmrovotunun əsas xüsusiyyətləri spazmolitik, ağrıkəsici, sakitləşdirici, hipotenziv, ödqovucu, bakterisid, yerli anestesiyaedicidir. Bitkidən hazırlanmış preparatlar iltihab əleyhinə, qaşınma, göynəmə əleyhinə, yarasağaldıcı xüsusiyyətlərə malikdir.
Tibdə tətbiqi. Dərman kimi bitkinin yerüstü hissəsindən istifadə edilir. Dəmrovotu həm daxili (hipertoniya, ateroskleroz, leykoz, qida zəhərlənməsi, qrip, fibroma, hemorroy, qastrit, zob, podaqra, revmatizm, mədə və onikibarmaq bağırsaq xorası və s.), həm də xarici xəstəliklərin (ziyil, papilloma, ət xal, döyənək, polip, kondiloma, ekzema, qoturluq, göbələk, çiban, yanıq və s.) müalicəsində istifadə edilir.
Əks göstəriş. Körpə uşaqlar, hamilə və südverən qadınlar, bronxial astma, stenokardiya, müxtəlif psixozlar, epilepsiya, I-II dərəcəli ürək çatışmazlıqlarından əziyyət çəkənlərə bitkidən istifadə qəti qadağandır.
Reseptlər.
Dəmrovotu şirəsinin hazırlanması. Bitki ət maşınından keçirilir, alınmış kütlə ikiqat tənzifdən süzülərək şirəsi çıxarılır. Şirə boş bir butulkaya yığılıb ağzı sıx, hermetik bağlanır. Zamanla butulkanın ağzını açıb orada yaranmış qazı çıxarmaq lazımdır. 5-7 gündən sonra dəmrovotu şirəsi istifadə edilə bilər.
Dəmrovotu dəmləməsinin hazırlanması. 500 qr-lıq bankaya dəmrovotu yığılıb üzərinə bankanın yarısına çıxana qədər qaynar su əlavə edilir. Ağzı bağlanıb müəyyən müddətə dəmlənir. Daha sonra soyudulub gündə 3 dəfə yeməkdən 10-15 dəqiqə əvvəl 100 ml daxilə qəbul edilir.
Dəri xəstəlikləri. Dəmrovotu şirəsi dərinin zədəli nahiyələrinə çəkilir.
Mastit. Süd vəzi giləsinin çat olan nahiyələrinə 2-3 dəqiqəlik şirə yaxılır.
Qadın xəstəlikləri. Bitkinin dəmləməsi ilə şırınqa edilir.
Bağırsaq xəstəlikləri. Bu zaman bitkinin dəmləməsi ilə imalə edilir.
Zob. Zobun üzərinə dəmrovotu şirəsi yaxılır.
Ağız boşluğu və diş əti xəstəlikləri. Bitkinin dəmləməsi ilə ağız boşluğu qarqara edilir.
Bitkinin şirəsini, dəmləməsini içməzdən öncə mütləq həkimlə məsləhətləşin!

www.fitostore.az