Sinusitlər (Haymorit)

Sinusitlər (Haymorit)

Çox vaxt qripdən sonra üz nahiyəsində ağrılar hiss edilir. Həftələrlə davam edən ağrılara vaxtında əhəmiyyət verilmədikdə sonra gec olur. 
Haymorit əng sümüyündə yerləşən Haymor mağarasının, yəni cibinin iltihabıdır. Haymorit kəskin zökəm, qrip, qızılca, skarlatina və digər infeksion xəstəliklərin ağırlaşması nəticəsində yaranır. Ən çox rast gəlinən səbəbləri isə yuxarı azı dişlərin köklərinin xroniki infeksiyaları və qan durğunluğudur. Haymorit sinusitin bir növüdür.
Haymorit və sinusit qış aylarının ənənəvi xəstəliklərindəndir və ən çox qripdən sonra ağırlaşmalar zamanı meydana gəlir. Burun, alın, gicgah və göz ətrafındakı içi hava dolu boşluqlar sinus adlanır və onlar kanallarla buruna açılır, kanalların içindən isə burun mukozası keçir. Mukozanın çıxardığı ifrazat burun içinə daxil olaraq tənəffüs yollarının isidilməsi və nəmli qalmasını təmin edir. Sinusit xroniki və kəskin olaraq iki hissəyə ayrılır.
Elə orqanizm var ki, sinusit xəstəliyi üçün daha çox risk altında və həssas olur. Nəfəsalma problemi ilə üzləşənlər, burun daxilinin əyri quruluşu və ya burun sümüyü travması alanlar sinusitə daha tez yoluxurlar. Soyuqdəymə və allergiyası olanlar da sinusitdən əziyyət çəkirlər. Siqaret və spirtli içki alüdəçiləri, bəzi infeksiyalara tez yoluxanlar da xəstəliyə qarşı həssaslıq nümayiş etdirirlər.
Xəstədə soyuqdəymənin bir həftədən çox davam etməsi sinusit hesab edilir. Sinusit zamanı üz, göz və baş nahiyəsində ağrılar olur. Baş ağrıları döyüntülü şəkildə davam edir, öskürərkən, ağır yük qaldırarkən və əyilərkən ağrıların artmasına həmin hərəkətlər əsnasında sinus içindəki təzyiqin artması səbəb olur.
Ağrıyan yerlərə təzyiq edilməsi həssaslığı daha da artırır. Baş ağrılarının davamlı olması kəskin sinusit əlamətidir. Sinusitdən əziyyət çəkənlərdə burun axıntısı davamlı və birtərəfli olur.
Bəzi xəstələrdə səs batıqlığı özünü göstərir. Boğaz ağrısı, kifayət qədər qoxu hiss etməmək və diş ağrısı sinusitli xəstələrin əsas şikayətləridir. Xəstədə çox vaxt yorğunluq və həvəssizlik, azca hərarət olur. Uşaqlar xəstəliyi daha yüngül keçirir, onlarda ürəkbulanma və qusma halları ortaya çıxa bilər.
Sinusit ümumi sağlamlığa da təsir edir. Qoşa görmə, göz və alın bölgəsində ağrılı şişkinliklər yarandıqda mütləq həkimə müraciət etmək lazımdır. Müalicə zamanı sinuslar iltihablardan təmizlənir və iltihaba səbəb olan bakteriyalar yox edilir. Müalicə proseduru təxminən 10 gün davam edir.
Xroniki sinusit zamanı xəstəliyin səbəbi aradan qaldırılmalıdr. Onu cərrahi yolla müalicə edirlər. Xəstə evdə burnunu duzlu su və ya buxarla təmizləməli, burun damlalarıyla burunun açıq qalmasını təmin etməlidir. Sinusitə yoluxmamaq üçün soyuqdəymədən qorunmaq lazımdır. Saçları isladıb soyuq havaya çıxmaq sinusitə səbəb olur. Havanın çirkli, tüstülü olması, sərinkeş işləyən mühitdə uzun müddət qalmaq, xüsusilə isti havalarda tərləyəndən sonra sərinləmək üçün ventilyatorun qabağına keçmək sinusitə səbəb olan amillərdir.
Sinusit xəstədə yorğunluq və gücsüzlük yaradır. Sinusitdən qorunmaq üçün soyuq havalarda ağız, burun və alın nahiyələri bağlı olmalıdır. Nəfəsalma zamanı soyuq hava kütləsi sinusları vurur. Sinusitə yoluxma zamanı həkim müayinəsindən sonra aptek çobanyastığı, kartof qabığı dəmləmələri ilə inhalyasiya proseduru həyata keçirilməlidir. Üzünü buxara verəndən sonra çıxıb harasa getmək sinusitin ağırlaşmasına səbəb olur. Yatmazdan əvvəl buxar vannası qəbul edilməlidir.
Haymorit sinusitin bir növüdür və eyni üsulla onun da qarşısını almaq mümkündür. Haymorit zamanı iltihab üst dodağın üzərinə və çənə boşluğuna yığılır, vaxtında müalicə edilmədikdə əməliyyatla təmizlənir.