Çiriş

Çiriş

Çiriş (lat. Eremurus) sözü yunan dilindən tərcümədə "eremos"-səhra, "ura"-quyruq deməkdir. Sözün lüğəti mənası "səhra quyruğu"-dur. Çirişin Ön, Qərbi, Mərkəzi Asiyada 50, postsovet məkanında 23, Qafqaz və Azərbaycanda isə 2 növü bitir. Bunlar Azərbaycan çirişi-Eremurus azerbajdzhanikus və Görkəmli çiriş-Eremurus spektabilis növləridir. Azərbaycan çirişi növünü görkəmli Ukraynalı alim S. S. Xarkeviç Qafqaza ekspedisiya zamanı, Azərbaycan florasında bitən bitkiləri tədqiq edən zaman müəyyənləşdirmişdi. O, 1959-cu ilin may ayında Xaldan rayonu ətraflarından topladığı çirişin yeni növünü müəyyən etmiş və bu növü Azərbaycan çirişi adlandırmışdır. Hər 2 növ texniki dərman və qida bitkisi kimi geniş istifadə olunur.
Botaniki təsviri. Çiriş asfodelinakimilər fəsiləsinə aid olub çoxillik ot bitkisidir. Əvvəllər bu bitkini zanbaqkimilər fəsiləsinə aid edirdilər. Yeraltı orqanı kökyumrusudur. Kökləri yoğunlaşmış iyşəkilli olub sayı 6-12 ədəd olur. Kökləri ətli-şirəli olub, içərisi ehtiyat qida maddəsi ilə zəngindir. Yarpaqlarının uzunluğu 20-40 sm-ə çatır. Gövdəsi rozet (ulduzaoxşar) yarpaqların içərisindən çıxır.
Abşeron şəraitində bu növün vegetasiya dövrü iqlim şəraitindən asılı olaraq fevralın birinci ongünlüyündə, qönçələrin əmələ gəlməsi aprelin əvvəlində, çiçəkləməsi aprelin üçüncü ongünlüyündə başlayır və 25 gün qalır. Çiçəklərindən yaraşıqlı gül dəstəsi düzəltmək mümkündür. Çiçək salxımında çiçəklərin sayı təbii şəraitə nisbətən mədəni əkin şəraitində daha çox olur. Salxımın uzunluğu 25-35 sm olmaqla, üzərində 180-250-yə qədər açıq narıncı rəngli çiçəkləri olur. Gövdəsi hamar olur, uzunluğu 125 sm-dən çox olur. Yarpaqları 6-12 ədəd olub, tünd yaşıl, bəzən gümüşüyə çalan rəngdə olur. Uzunluğu 28-35 sm, eni 3,8-4 sm-dir. Azərbaycan çirişi növündə yeraltı iyəbənzər ətli kökləri yaxşı inkişaf edir.
Toxumları iyun ayının ortalarında yetişir. Toxumlar yetişən zaman salxım üzərində 152 toxum qutucuğu əmələ gəlir. Qutucuq şar şəklində olub, üzəri qırışlıdır. Tək-tək hallarda hamar olur. Bitkinin yerüstü hissəsi tam quruyana kimi qutucuq gövdə üzərində qalır. Bir qutucuqda 8 ədəd toxum olur. Toxumların forması nahamar, kənarları iti, rəngi alabəzəkdir.
Yayılması. Respublikamızda çiriş ən çox Naxçıvan MR-nin Ordubad, Şahbuz, Babək, Culfa, Sədərək, Şərur rayonlarında, Aqstafa, Qazax, Göyçay, Füzuli, Cəbrayıl, Lerik, Yardımlı və s. rayonların aşağı, orta dağ qurşaqlarında, gilli-daşlı torpaqlarda, ən çox qaratikan kolları ətrafında bitir.
Kulinariyada tətbiqi. Azərbaycan xalqı çiriş bitkisindən hələ lap qədimdən müxtəlif məqsədlər üçün istifadə etmişdir. Respublikamızın bir çox rayonlarında yerli əhali çirişdən tərəvəz bitkisi kimi istifadə edir. Yarpaqlar duzlu suda pörtülərək acı suyu atılır, sonra soğanla yağda qızardılır. Bundan başqa çirişdən dadlı kətə və qutab hazırlanır. Kətə və qutab bişirmək üçün çirişə soğan, dağkeşnişi və quzuqulağı əlavə edilib doğranır. Doğranmış qarışığa azacıq duz qatıb adi qaydada kətə, yaxud qutab bişirirlər. Bişirilmiş kətə çox ləzzətlə yeyilir. Zövqə uyğun heç bir göyərti qatmadan təkcə çiriş ilə bişirilmiş kətə çox dadlı olmaqla, mədə və bağırsaq xəstəlikləri, xüsusən kolit xəstəliyi zamanı çox xeyirlidir.
Çiriş yapışqanı. Çiriş bitkisindən keyfiyyətli çiriş yapışqanı hazırlanır. Hətta yaxşı hazırlanmış çiriş yapışqanından keçmişdə dərzilikdə, papaqçılıqda və çəkməçilikdə çox geniş istifadə edilib. Çiriş yapışqanından istifadə edən sənətkarların dediklərinə görə papağın dimdiyinə, pencəyin yaxalığına, çəkmələrin dabancıq və burun hissəsinə, kisə parçalara sürtülən çiriş əgər su dəyməsə 200-250 il öz möhkəmliyini saxlamaq qabiliyyətinə malik olur. Ədəbiyyat məlumatlarına görə vaxtilə Göyçay rayonunun Qaraməryəm kəndində çiriş yapışqanı hazırlamaq üçün fabrik və çiriş üyütmək üçün dəyirman fəaliyyət göstərmişdir. Bunun üçün çirişin kökyumruları toplanıb təmizlənir və qurudulur. Qurudulmuş kökyumrusu üyüdülür. Bu qayda ilə hazırlanmış çiriş tozu su ilə qarışdırılır yapışqan hazırlanır. Həmin yapışqandan müxtəlif məqsədlər üçün geniş istifadə etmək mümkündür. Bu yapışqan orqanizmə heç bir zərər vermir.
Çiriş bitkisindən "eremuran" adlı maddə də alınmışdır ki, həmin maddə ilə hopdurulmuş polietilen örtük tərəvəzi 6 ay təzə saxlamaq qabiliyyətinə malikdir.
Tibdə tətbiqi.
Sınıq və çıxıqlar. Çiriş tozu və qarağacın qabığından hazırlanmış dəm ən təhlükəli sınıqların, çıxıqların müalicəsində əvəzolunmaz əhəmiyyətə malikdir. Sınıq, çıxıq xəstəliklərinin müalicəsi zamanı çox vaxt həkimlər xaş yeməyi məsləhət görürlər ki, sınmış orqanlarda, əzalarda bitişmə, müalicə tez başa çatsın. Topladığımız məlumatlar və apardığımız təcrübələr göstərmişdir ki, çıxıq və sınıqlı xəstələrin müalicəsi zamanı çiriş bitkisinin yarpaqlarından hazırlanmış buğlama, kətə, qutab və s. yeməklərdən istifadə etmək xəstəliyin hədsiz dərəcədə tez müalicə olunmasına səbəb olur.
Çirişin kökyumrusundan, kökündən, yarpağından və çiçəyindən lap qədimdən xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunmuşdur. Onun kökyumrusundan alınmış çiriş tozundan və yaxud unundan hazırlanmış məlhəmdən (təpitmədən) sınıq və çıxıqların müalicəsində istifadə olunur. Çiriş bitkisini iyun ayında qazıyıb çıxarır, köklərini yarpaqdan, torpaqdan təmizləyib qurudurlar. Sonra həvəngdəstədə, xırda dəyirmanda və ya qəhvəüyüdəndə üyüdürlər. Çirişin üyüdülmüş unundan 2 xörək qaşığı götürür, üzərinə bir xörək qaşığı arpa unu əlavə edib, həmin qarışığı yumurta ağı ilə qarışdırıb məlhəm hazırlayırlar. Məlhəm nə çox duru, nə də çox qatı olmalıdır. Məlhəmin üzərinə bir az kərə yağı sürtüb tənzifin üzərinə qoyur, qol, dirsək, ayaq oynaqlarında əmələ gəlmiş çıxıq və çatların üzərinə bağlayırlar. Yaxşı olar ki, məlhəmi qoymamışdan qabaq xəstə nahiyənin üzəri pambığa hopdurulmuş spirtlə yaxşı-yaxşı silinsin. Sarğını 3 gündən bir dəyişmək lazımdır. Bu qaydalara əməl edilsə, 10-15 gündən sonra ağrılar tam keçib gedər.
İrin, dolama və çiban tipli yaralar. Çiriş tozunu təzə balla (beçə balı) birlikdə qaynadır və azacıq qatılaşana yaxın götürürlər. Hazırlanmış məlhəmdən çıxıq və sınıqlarda, çiban, dolama tipli yaraların müalicəsində istifadə edirlər.
Bir ədəd çirişin kökünü götürüb yaxşı-yaxşı təmizləyir, qurudur, sonra onu üyüdürlər. Çiriş tozundan 100 qram götürüb 100 qram təmiz balla qarışdırıb vam odun üzərində qaynadırlar. Azacıq soyuduqdan sonra qarışığın üzərinə 30 qram əzvay şirəsi qatırlar. Bu qayda ilə hazırlanmış qarışığı məlhəm və ya təpitmə şəklində dolamanın, kor çiban tipli yaraların müalicəsində istifadə etmək olar.
Çirişin qurudulmuş toxumları əzilərək toz halına salınır. Ondan bir xörək qaşığı götürüb balla qarışdırıb qaynadır, azacıq qatılaşana yaxın götürürlər. Təmiz tənzifin üzərinə yaxıb irinli yaraların, kəsiklərin, cızılmaların və s. ağrılı yaraların üzərinə qoyduqda tezliklə sağalır.
Mədə-bağırsaq xəstəlikləri. Mədə-bağırsaq xəstəlikləri zamanı çirişin xüsusi müalicəvi əhəmiyyəti vardır. Çirişin tək yarpaqlarından hazırlanmış buğlama, sıyıq, kətə, qutab və s. xörəklər orqanizmin müxtəlif vitaminlərlə təmin edilməsi və möhkəmləndirilməsi üçün daha çox faydalıdır. Təzə-tər yarpaqları çoxlu miqdarda seliklə zəngindir. Bu selik isə bağırsaq divarı xovlarının yumşaldılmasında çox əhəmiyyətlidir.
Azərbaycan MEA Mərkəzi Nəbatat Bağında 1967-ci ildən geofit bitkilərin təcrübə sahəsində çiriş bitkisinin kolleksiyası yaradılmış və bitkinin bir sıra xüsusiyyətləri, becərilməsi, çoxaldılma qaydası, istifadə olunması və qorunması tədbirləri öyrənilmişdir.