Boyaqotu

Boyaqotu

Hələ qədim zamanlarda yaşamış yunan, roma, misir və iran sənətkarları, ustaları boyaqotu bitkisinin kökünü yüksək qiymətləndirirdilər. Belə ki, bundan onlar yüksək davamlılığa malik olan rəng əldə edirdilər. Qədim zamanlarda boyaqotu yun, ipək, pambıq parçaların, sapların boyanmasında tətbiq edilən yeganə keyfiyyətli vasitə idi. Hətta müasir dövrdə də bu bitkidən boyama məqsədilə istifadə edilir. Rusiyada bu bitkinin davamlı sortlarının yetişdirilməsinə ayrıca vəsait, mükafat və qızıl medal ayrılmışdır. Bunlardan əlavə bitkinin müalicəvi xüsusiyyətləri də qədimdən məlumdur. İbn Sina bitkinin köklərindən hazırlanan və bal ilə şirinləşdirilmiş içkini oturaq sinirinin, ifliclərin müalicəsində tətbiq etmişdir. Eyni zamanda o, bitkinin meyvələrindən əldə olunan şirəni dalaq və qaraciyəri təmizləyən bir dərman kimi istifadə eləmişdir.
Botaniki təsviri. Bu bitki boyaqotukimilər (Rubiaceae) fəsiləsinə daxildir. Çoxillik ot bitkisi olub hündürlüyü 2 metrə qədərdir. Güclü kök sisteminə malikdir. Bitkinin kökləri asanlıqla soyula bilən qonur-qırmızı rəngli qabıqla örtülmüşdür. Gövdəsi nazik, güclü budaqlanan, dördbuğumlu, tikanlıdır. Yarpaqları açıq-yaşıl rəngli, forması yumurtavaridir. Yarpaqlarının uzunluğu 9, eni 3 sm olub alt səthi unlu-tikanlıdır. Gövdə üzərində suprotiv düzülmüşdür. Çiçəkləri xırda olub sarımtıl-yaşıl rənglidir. Qara rəngli şirəli meyvələri 5 mm ölçülü çəyirdəyə malikdir. Bu bitkinin meyvələrinin şirəsi o qədər tünddür ki, hətta parça üzərinə düşdüyü təqdirdə heç yuyulmur. Boyaqotu iyun-sentyabr aylarında çiçəkləyir, meyvələri avqust-noyabr aylarında yetişir. Toxumla və ya vegetativ yolla çoxalır.
Yayılması. Yabanı halda, Dağıstanda, Azərbaycanda, Qafqazın digərin hissələrində, Krımda, Orta Asiyada geniş yayılmışdır. Boyaqotu əsasən işıqlı şam meşələrində, bağlarda, üzümlüklərdə, çəpərlərin kənarlarında bitir. Bitki torpağın mexaniki tərkibinə qarşı az tələbkardır.
Kimyəvi tərkibi. Adi boyaqotunun kökümsovlarının tərkibində üzvi turşular (alma, üzüm, limon), triterpenoidlər, antraxinonlar, iridoidlər, şəkər, zülal, vitamin C, pektin maddələri aşkar edilmişdir.
Xammalın yığılması və qurudulması. Dərman məqsədilə bitkinin kök və kökümsovlarından istifadə edilir. Bitki əsasən erkən yazda toplanmağa başlayır. Torpaqdan bel vasitəsilə ayrıldıqdan sonra boyaqotunun kökləri silkələnərək təmizlənir. Bundan sonra onun yerüstü hissəsi kəsilib atılır. Bundan sonra köklər su ilə yuyulur. Yuyulduqdan sonra altıaçıqlarda və ya xüsusi quruducu şkaflarda qurudulur. Xammalın saxlanma müddəti 2 ildir. Dərman xammalından əlavə bitki boyaq maddəsi kimi də istifadə edilirdi, lakin sintetik alizarinin istehsalından sonra ona qarşı tələbat bir qədər azalmışdır.
Farmakoloji xüsusiyyətləri. Boyaqotunun köklərindən əldə edilən ekstrakt, toz və digər halen preparatları, böyrək və sidik kisəsi daşlarını (fosfat, oksalat) yumşaldaraq parçalayır. Bitkinin halen preparatları spazmolitik və sidikqovucu təsir göstərir. Bunlardan əlavə bitkinin preparatları böyrək ləyənləri və sidik axarlarının tonusunu azaldaraq əzələlərinin peristaltik yığılmalarını gücləndirir, bununla da böyrək daşlarının sidikçıxarıcı yollarda hərəkətini təmin etmiş olur.
Tibdə tətbiqi. Elmi təbabətdə boyaqotunun kök və kökümsovlarından əldə edilən quru ekstrakt spazmolitik, diuretik, litolitik kimi istifadə edilir. Homeopatiyada isə o, anemiya, amenoreya, dalaq xəstəliklərində tətbiq olunur. Tibet təbabətində bitki angina, difteriya, hind təbabətində amenoreya, anuriya, türkmən təbabətində yaddaş pozğunluğunda, koreya təbabətində isə ürəyin qapaq çatışmazlıqlarında geniş istifadə edilir. Boyaqotu dəri xərçəngi zamanı xaricə də istifadə olunur.
Dərman formaları, istifadə qaydası və dozalanması.
Boyaqotunun quru ekstraktı (Extractum Rubiae tinctoriae siccum) 0,25 qramlıq həblər şəklində istehsal edilir. Bu həblər 1/2 stəkan ilıq su ilə həll edilərək daxilə qəbul edilir. Həblər gündə 3 dəfə olmaqla hər dəfə 2-3 ədəd daxilə qəbul edilir. Qəbul müddəti 20-30 gündür. Vacib olduğu təqdirdə 4-6 həftədən sonra qəbulu davam etdirmək olar.
Boyaqotunun dəmləməsi (bolqar resepti). 1 çay qaşığı xırdalanmış xammalın üzərinə 200 ml soyuq su əlavə edilib 8 saat müddətinə saxlanır. Bundan sonra süzülüb üzərinə 200 ml qaynar su əlavə edilir. 15 dəqiqədən sonra yenidən süzülür. Alınmış süzüntülər bir yerə tökülüb qarışdırılır. Qarışıq gün ərzində qurtum-qurtum qəbul edilir.
Boyaqotu tozu. Gündə 3 dəfə bir qədər su ilə 1 qr toz daxilə qəbul edilir.
Oksalitin çayı. Adi boyaqotu kökləri oksalat duzunu və daşını orqanizmdən uzaqlaşdırmaq üçün digər bitkilərlə birlikdə Oksalitin çayının tərkibinə daxildir.
Əks göstəriş. Qlomerulonefrit, böyrək çatışmazlığı və mədənin xora xəstəliyi zamanı bu tərkibdə olan preparatların qəbulu əks göstərişdir.
Digər sahələrdə tətbiqi. Baytarlıqda bitki sidikdaşı xəstəliyinin müalicəsində işlədilir. Heyvandarlıqda bitki yem vasitəsi kimi tətbiq edilir. Lakin bitkidən daha çox yeyən heyvanın südü qırmızı rəngə boyanır.