Pnevmoniya (sətəlcəm)

Pnevmoniya (sətəlcəm)

Pnevmoniya ağciyərlərin iltihabı olub, əsasən bakteriya, göbələk və ya virusların iştirakı ilə yaranır. Lakin pnevmoniya hava ilə ağciyərlərə düşmüş kimyəvi maddələr tərəfindən də törənə bilər. Pnevmoniya hər hansı uzun müddət davam edən xəstəliklərin (əsasən immun çatışmazlıq və onkoloji xəstəliklər) fəsadı kimi də üzə çıxır. Xəstəlik ağciyər toxumasının bir və ya bir neçə hissəsini tutur. Pnevmoniya zamanı alveol və tənəffüs yollarında maye və digər selikli ifrazatlar toplanaraq həmin nahiyədə qan dövranı durğunluğuna, ağciyər toxumasının sərtləşməsinə, bununla da qazlar mübadiləsinin pisləşməsinə səbəb olur. Bu zaman xəstədə hərarət, halsızlıq, öskürək, tənəffüs çətinləşməsi, həyəcan hissi, yorğunluq, döş qəfəsində ağrı müşahidə edilir.
• Sarımsaq əzilir və 15-20 dəqiqə müddətinə kürək və ya sinə nahiyəsinə yaxılır. Sarımsağı yaxmazdan əvvəl həmin nahiyələrə bitki yağı yaxılır.
• 1 stəkan yulaf və 1 ədəd xırdalanmış sarımsaq qarışdırılır, üzərinə 2 l süd əlavə edilib 1,5-2 saat ərzində fırında pörtlədilir. Bundan sonra gündə 1 dəfə isti şəkildə qurtum-qurtum yatmazdan əvvəl 1 stəkan daxilə qəbul edilir.
• 100 qr sarımsaq əzməsi ilə 500 qr qaz piyi qarışdırılıb su hamamında bir müddət saxlanır. Alınmış kütlə perqament kağız üzərinə qalın qat şəklində yayılıb sinəyə qoyulur, üzərindən yun şal ilə bağlanır. Bu kompreslər hər gün edilməklə 2 həftə müddətinə edilir. 1 həftə fasilə verdikdən sonra proseduru davam etdirmək olar.
• 4 ədəd kartof təmizlənmədən kub şəklində doğranıb 2 xörək qaşığı zəyərək toxumları ilə qarışdırılır. Bundan sonra qarışığın üzərinə əzilmiş 1 baş sarımsaq və 1 l süd əlavə edilib zəif ocağın üzərində 20 dəqiqə müddətinə bişirilir. 30°C-yə qədər soyudulduqdan sonra alınmış məhlulla gündə 2 dəfə imalə edilir.
• Turpun orta hissəsində dəlik açılıb ora 2 xörək qaşığı bal yerləşdirilir. Turpun üzəri isə kəsilmiş hissəsi ilə örtülür. Bundan sonra turplar qaba yığılıb 3 saat müddətinə saxlanır. Buradan alınmış şirə gündə 1 çay qaşığı bir neçə dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.
• Emallı qaba su yığılıb üzərinə 3-4 damcı ağ şam yağı əlavə edilir. Bu qarışıqla inhalyasiya edilir.
Həmçinin bəyaz bronx çayı gündə iki dəfə yeməkdən əvvəl qəbul edilir.
• Soğan şirəsi ilə bal 1:1 nisbətində qarışdırılıb gündə 3-4 dəfə 1 çay qaşığı yeməkdən 15-20 dəqiqə əvvəl içilir.
• Baş soğanın yarısı kəsilib 1 stəkan süddə pörtlədilir. Bundan sonra 4 saat müddətinə dəmə qoyulur. Alınmış məhlul hər 3 saatdan bir 1 xörək qaşığı içilir. Güclü öskürək zamanı bunu 2 soğanla da etmək olar.
• 1 stəkan təzə sağılmış çiy süd 2 ədəd əncir qurusu ilə birgə qaynadılıb isti şəkildə gündə 2 dəfə yeməkdən sonra 1 stəkan içilir.
• Pnevmoniya zamanı badam yağı sərinləşdirici effekt verir. Bunun üçün gündə 3-4 dəfə 1 xörək qaşığı badam yağı içilir.
• Balaca bir torbanın içərisinə təzəcə qabıqla qaynadılmış kartof (kartofu bir qədər əzmək lazımdır), 1 xörək qaşığı bitki yağı, 1 xörək qaşığı spirt və 1 xörək qaşığı xardal əlavə edilib qarışdırılır. İçərisində bu alınmış qarışıq olan torba maksimum isti şəkildə xəstəlik ocağına (ürək nahiyəsinə yox!) qoyulur. Üzərindən sellofan sarınır. Üzərindən isti yorğan örtülür. Yaxşı olar ki, bu prosedur gecədən səhərə qədər edilsin.
• Adi başinağacının meyvələri qaynar balın içərisində 6-7 saat müddətinə dəmlənir. Bundan sonra meyvələrdən 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir. 2 saat dəmləndikdən sonra gündə bir neçə dəfə 0,3 stəkan içilir.
• Hərəsindən bərabər nisbətdə olmaqla cirə meyvəsi, gülxətmi kökləri, şirin biyan kökləri, şam ağacı tumurcuqları və adaçayı (sürvə) yarpaqları götürülüb qarışdırılır. Alınmış qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan qaynar suda 20 dəqiqə müddətinə dəmlənir. Tənzifdən süzüldükdən sonra hər 3 saatdan bir 1 stəkan içilir.
• Hərəsindən bərabər miqdarda cirə meyvəsi, moruq giləmeyvəsi, söyüd ağacının qabığı, cökə çiçəkləri və dəvədabanı yarpaqları götürülüb qarışdırılır. Alınmış qarışıqdan 1 xörək qaşığı götürülüb 2 stəkan qaynar suda 5-10 dəqiqə müddətinə qaynadılır. Dəmləndikdən sonra tənfifdən süzülüb adi qara çay şəklində isti formada içilir.
• Hərəsindən 2 hissə olmaqla moruq giləmeyvələri və dəvədabanı yarpaqları, 1 hissə isə qaraqınıq otu götürülüb qarışdırılır. Alınmış qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə müddətinə dəmləndikdən sonra süzülüb gecə yatmazdan öncə isti şəkildə içilir. Hamilə qadınlara məsləhət görülmür.
P.S: Qeyd edilən bütün prosedurlar özbaşına deyil, yalnız həkim məsləhəti və nəzarəti altında həyata keçirilməlidir!