Çaytikanı

Çaytikanı

Tarix. Qədim Yunanıstanda çaytikanı dərman bitkisi kimi dəyərləndirilirdi. Onunla hərbiçiləri və atları müalicə edirdilər.
Botaniki təsviri. Çaytikanı Elaeagnaceae – iydəkimilər fəsiləsinə daxildir. Çaytikanı böyük bir hissəsi tikanlı olan 0,1-dən 3-6 metrə (nadir hallarda hətta 15 m olur) qədər hündürlüyə çatan kol və ya ağac bitkisidir. Yarpaqları növbəli düzülüşlüdür, ensiz və uzunsov quruluşdadır, yaşıl rənglidir. Yarpaqlarının ucu isə gümüşü və ya qızılı rəngdə olur. Çiçəkləri yarpaqlarından öncə yaranır. Çiçəkləri xırdadır, ayrıcinslidir. Külək vasitəsilə, bəzən də həşəratlarla tozlanır. Narıncı və ya qırmızımtıl meyvələri yalançımeyvədir. Toxum vasitəsilə və vegetativ yolla çoxalır.
Bitkinin meyvələri yeməlidir. Ondan əldə olunan yağ tibb sahəsində geniş tətbiq edilir. Çaytikanı əsasən meyvələrinə görə yetişdirilir. Eyni zamanda onun dekorativ bitki kimi də əhəmiyyəti vardır. Yarpaqlarından aşılayıcı xammal kimi istifadə edilir. Onu da qeyd edək ki, çaytikanı torpağı möhkəmlətmək xüsusiyyətinə malikdir. Buna görə də onu torpaq sürüşməsi olan zonalarda əkirlər. Bitkinin meyvələri hətta bəzi quşlar üçün qış yeməyidir. Bu faydalı giləmeyvə əsl vitamin və mikroelement «buketidir». Buna görə də çaytikanı bir çox xəstəliklərin müalicə və profilaktikasında istifadə edilir.
Yayılması. Çaytikanı su hövzələrinin, çayların kənarlarında, qumlu torpaqlarda bitir. Dağlıq ərazilərdə dəniz səviyyəsindən 2100 m hündürlükdə yetişir.
Kimyəvi tərkibi. Çaytikanı meyvələrinin tərkibində 3,5%-ə qədər şəkər və bir çox üzvi turşular (alma, üzüm, turşəng), C, B1, B2, PP, K, P, E vitaminləri, fol turşusu, karotin və karotinoidlər, flavonoidlər (əsasən rutin), dəmir, bor, manqan, aşı maddələr, yağ turşuları (olein, linol) və fitonsidlər, azot tərkibli birləşmələr və s. maddələr vardır. Çaytikanı meyvələrinin və budaqlarının qabığında serotonin maddəsi vardır. Bu maddə sinir sisteminin normal fəaliyyəti üçün çox vacibdir.Bitkinin meyvələrindən şirə, şərbət, kompot, kisel, cem, marmelad, pastila, jele və s. hazırlamaq mümkündür. Bu giləmeyvələr dondurulmuş halda uzun müddət saxlana bilir.
Tibdə tətbiqi. Çaytikanı damar divarını möhkəmləndirir, keçiriciliyini azaldır, maddələr mübadiləsini yaxşılaşdırır, antioksidant xüsusiyyəti var, eyni zamanda qanın tərkibini yaxşılaşdıraraq tromb əmələ gəlməsinin qarşısını alır. Ginekoloji praktikada və kosmetologiyada çaytikanı yağından geniş istifadə edilir.
Çaytikanı yağı. Çaytikanı yağı bakterisid, regenerasiyaedici, ağrıkəsici təsirlərə malikdir. Çaytikanı yağına xarakter qoxu və rəngi verən onun tərkibindəki karotin və karotinoidlərdir (110 mq%). Bu yağ həm daxilə, həm də xaricə istifadə edilə bilər. O, lipid mübadiləsini yaxşılaşdırır, qaraciyərdə zülal miqdarını artırır, zədələnmiş toxumalarda bərpa proseslərini stimullaşdırır (alkoqol intoksikasiyasından sonra qaraciyərdə). Çaytikanı yağı ilə kəskin və xroniki faringit, laringit zamanı udlağın selikli qişasını silmək və ya hər gün 15 dəqiqə müddətinə bununla yağ inhalyasiyası etmək olar. Müalicə kursu 10 gündür.
Çaytikanı yağı dırnaqların kövrəkliyini azaldır, saçların strukturunu yaxşılaşdırır.
Çaytikanı şirəsi. Bitkinin meyvələri əsl polivitamin hesab edilə bilər. Dondurulmuş halda payızdan yaza qədər saxlana bilir. Vitamin çatışmazlığı və qanazlığı zamanı çaytikanı meyvələrindən əldə edilmiş cövhərdən istifadə etmək olar. Meyvələrin tərkibində olan beta-sitosterin antisklerotik təsirə malik olub ateroskleroz xəstəliyinin müalicəsində istifadə edilir. Çaytikanı şirəsi isə öskürək əleyhinə əla vasitə ola bilər. Onun balla qarışığı öskürək zamanı effektli nəticə verir. Onu da qeyd edək ki, əvvəllər sinqa xəstəliyinin müalicəsində çaytikanı çayı geniş tətbiq edilirdi.
Çaytikanı çayı. 5 qr qurudulmuş çaytikanı yarpaqlarının üzərinə 1 stəkan qaynar su əlavə edilib adi çay kimi dəmlənir. Belə şəkildə hazırlanmış çay elə indi də yoluxucu xəstəliklərdən qorunmaq üçün istifadə edilir.
Mədə turşuluğunun aşağı olması və atonik qəbizlik zamanı təzə dərilmiş çaytikanı meyvələri və şirəsi məsləhət görülür. Çaytikanı toxumlarından hazırlanmış dəmləmə isə işlədici effektə malikdir.
Çaytikanı meyvələrinin dəmləməsi mədə və onikibarmaq bağırsağın xorası zamanı istifadə edilir. 3 xörək qaşığı giləmeyvənin üzərinə 0,5 l qaynar su əlavə edilib 10 dəqiqə müddətinə zəif odda qaynadılır, daha sonra süzülüb gündə adi çay kimi 2-3 stəkan içilir.
İshal zamanı çaytikanı yarpaqları və budaqlarından hazırlanmış dəmləmədən istifadə edilir. Bunun üçün 1 xörək qaşığı xırdalanmış xammalın üzərinə 1 stəkan soyuq su əlavə edilib qaynama həddinə çatdırılır. 5 dəqiqə zəif odda saxlandıqdan sonra 30 dəqiqə müddətinə dəmlənir. Süzülüb bir dəfəyə daxilə qəbul edilir. Lazım gəldikdə qəbulu təkrarlamaq olar.
Donma, yanma, irinli dəri xəstəlikləri zamanı təzə dərilmiş çaytikanı meyvələri həmin nahiyələrə qoyulur. Bunlardan əlavə çaytikanı yarpağı və budaqlarından hazırlanmış vanna qəbulu da müsbət nəticə verir.
Çaytikanı şirəsi B qrup vitaminləri ilə zəngin olduğuna görə potensiyanın artırılması üçün də içilir. Bu şirə həmçinin orqanizmdən sidik və turşəng turşusunun artıq miqdarını xaric edir. Xalq təbabətində şəkərli diabetin, revmatizmin, podaqranın müalicəsində çaytikanı yarpaqlarının dəmləməsi (10 qr xammala 1 stəkan qaynar su) istifadə edilir.
Əks göstəriş. Çaytikanı meyvələri və yağı kəskin xolesistit, hepatit, pankreatit və digər mədəaltı vəzi, o cümlədən kəskin həzm sistemi xəstəlikləri zamanı istifadə edilməməlidir. Çaytikanı yağı mədə xorası zamanı təyin olunduğu halda, hiperasid qastrit zamanı onun şirəsi əks göstərişdir. Bu şirə sidiyin turşuluğunu artırdığına görə ondan sidik daşı xəstəliyi zamanı istifadə etmək olmaz.