Akasiya

Akasiya

Sarı akasiya paxlalılar – Fabaceae fəsiləsinin ən iri cinsi hesab edilir. Xüsusilə Avstraliya, Afrika, Meksika və Asiya ərazisində geniş yayılmışdır. Sarı akasiya əsasən Orta Avropa oranjereyalarında bəzək bitkisi kimi yetişdirilir.

Yayılması. Sarı akasiya tropik və subtropik iqlim qurşaqlarında geniş yayılmışdır. Quru səhralardan (Meksika, Avstraliya) tutmuş rütubətli regionlara (Hindistan, Madaqaskar) qədər bütün yerlərdə bitir.

Botaniki təsviri. Sarı akasiyaya həm ağac, həm də kol formasında rast gəlinir. Çox vaxt tikanlıdı, lakin olmaya da bilər. Ağacın gövdəsi 1,2 m-ə qədər çatır. Cavan akasiyaların gövdələrinin qabığı hamar, yaşıl rəngli olur. Kök sistemi güclü inkişaf etmişdir, torpağın üst səthinə və ətraflara doğru kökləri güclü şəkildə şaxələnmişdir. Yarpaqları növbəli düzülüşlüdür. Çiçəkləri xırda olub çoxsaylıdır. Bitkinin meyvələri isə paxlalıdır. Akasiyanın çiçəkləri may ayında toplanır. Toplandıqdan sonra xammal kölgəliklərdə, altıaçıqlarda daima qarışdırılaraq qurudulur. Bitkinin gövdəsinin qabıqlarının tərkibində 6-40% tannidlər mövcuddur. Lakin bitki zəhərlidir.

Sarı akasiya tez böyüyən bitkilərə aiddir. Belə ki, ömrünün ilk ili bitkinin boyunun hündürlüyü 0,75-1,5 m, ikinci ili 2-2,5 m, 3-cü ili 4-5 m, 12-15-ci ilində isə 15-18 m-ə çatır. Ağacın intensiv boy atması 25-30 yaşında dayanır. 30 yaşdan etibarən bitki qocalmağa başlayır. Sarı akasiya ömrünün ikinci ili çiçək açır və hər il də demək olar ki, müntəzəm bar gətirir. Bitki toxum vasitəsilə çoxaldılır.

Kimyəvi tərkibi. Bitkinin yarpaqlarının tərkibində rutin (5,3%), karotin, askorbin turşusu, aşı maddələri və digər kimyəvi birləşmələr mövcuddur.

Tibdə tətbiqi. Xalq təbabətində bitkinin çiçək və yarpaqlarından, gövdəsinin qabıqlarından və meyvələrindən istifadə edilir. Bitkinin qabıq və kökləri tibdə bronxitlərin, yarpaqları isə əsasən allergiyanın müalicəsində istifadə edilir. Xalq təbabətində bitkinin müalicəvi xüsusiyyətləri bir çox xəstəliklərin müalicəsində də tətbiq edilir: baş ağrıları, yuxarı tənəffüs yollarının katarı, qıcqırma, oynaq və əzələ ağrıları, miozit, ateroskleroz, qaraciyər xəstəlikləri və s. Bunlardan əlavə sarı akasiyadan əldə edilən bal gücsüzlük, kaxeksiya, avitaminoz zamanı yaxşı təsir edir.

Akasiya balı. Akasiya balının tərkibi 40% fruktozadan, 35% isə qlükozadan ibarətdir. Bu bal həmçinin sinir xəstəlikləri, şəkərli diabetdən əziyyət çəkənlərin və uşaq qida rasionuna da daxil edilə bilər. Akasiya balı A vitamini ilə zəngin olduğuna görə qlaukoma, katarakta, konyuktivit zamanı istifadə edilir. Bal sakitləşdirici xüsusiyyətlərə də malikdir. Sarı akasiya balı may-iyun aylarında toplanır. Balın özünəməxsus ətri və dadı var, gec kristallizasiya olduğuna görə ən yaxşı və keyfiyyətli ballardan hesab edilir. Akasiya balı digərləri ilə müqayisədə daha açıq rəngə malikdir. Sarı və ağ akasiyaların balı ətri və dadına görə fərqlənir.

Reseptlər.
1. 1 xörək qaşığı xırdalanmış sarı akasiya qabıqlarının üzərinə 0,5 l qaynar su əlavə edilib8-10 dəqiqə müddətinə qaynadılır. Bundan sonra 2 saat müddətinə dəmə qoyulur. Bundan sonra süzülüb gündə 3 dəfə ½ stəkan daxilə qəbul edilir. Yaxşı olar ki, daxilə qəbulla xaricə istifadə birlikdə tətbiq edilsin, çünki bu zaman effekt müsbət olur.
2. Bitkinin cavan budaq və çiçəklərindən spirtli cövhər bu cür hazırlanır: 200 qr qurudulmuş xammalın üzərinə ½ l araq əlavə edilib tünd şüşə qabda qaranlıq yerdə 2 həftə müddətinə saxlanır. Lakin bu qab mütəmadi çalxalanmalıdır. Bundan sonra alınmış spirtli çıxarış güclü oynaq ağrıları zamanı sürtgəcdən keçirilmiş qıtığotu ilə 1:1 nisbətində qarışdırılıb xaricə istifadə edilir.
3. 2 xörək qaşığı sarı akasiya yarpaqlarının üzərinə qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Alınmış dəmləmə gündə 2-3 dəfə 2-3 xörək qaşığı 2 ay müddətinə daxilə qəbul edilir. Bu dəmləmə ilə ateroskleroz xəstəliyi müalicə edilir