Adəm alması

Adəm alması

Cənub bölgələrində hündürlüyü 20 metrə qədər olan və adəm alması adlanan bir bitki bitir. Bitki tutkimilər ailəsinə daxildir. Budaqları tikanlarla örtülüdür. Adəm alması (Allah ağacı, çin portağalı) əsasən Orta Asiya ərazisində, Krımda bitir. Bu meyvə xarici görünüşünə görə portağalı xatırladır.
Bir fəsildə bitki 500-dən çox meyvə verə bilər. Lakin təəssüflər olsun ki, bitkinin meyvələrini qida məqsədilə istifadə etmək olmaz. Həkimlər bildirir ki, bitkinin meyvələri xərçəng əleyhinə təsir edə bilər. Xalq təbabətində adəm almasının dəymiş meyvələrindən istifadə edilir. Meyvəsinin şirəsinin tərkibində bir çox flavonoidlər, mikro və makroelementlər, bioloji aktiv maddələr və s. vardır. Bitkidən bir çox dərmanların – cövhər və məlhəmlərin hazırlanmasında istifadə olunur.
Bitkinin tibdə tətbiqi. Adəm almasından ürək fəaliyyətini stimullaşdıran preparatlar, antibiotiklərin hazırlanmasında istifadə edilir.
Bitkinin xalq təbabətində tətbiqi. Xalq təbabətində isə bitkidən revmatik xəstəliklərin, yara, zədə və travmaların tez sağalmasını sürətləndirən dərman kimi istifadə olunur. Bitkidən hazırlanan cövhər xaricə bu xəstəliklərin müalicəsində tətbiq edilir: poliartrit, podaqra, radikulit, daban mahmızı, osteoxondroz və s.
Adəm almasından cövhərin hazırlanması.
I variant. Bitkinin meyvələri istənilən ölçülü bankaya ağzına qədər yığılıb üzərinə çıxana qədər 50°-lik spirt tökülür və 6 ay-1 il müddətinə saxlanır. Alınmış cövhərin rəngi çəhrayı və ya dəmlənmiş açıq çay rəngində olur. Lakin çalışmaq lazımdır ki, cövhərin yerləşdiyi qaba hava keçməsin, əks təqdirdə onun təsir effekti azala və tamam itə bilər.
II variant. Bitkinin meyvələri doğranıb kapron materialdan keçirilərək şirəsi çıxarılır. Bundan sonra bunun üzərinə alınmış şirənin 20%-i qədər araq əlavə edilib bir neçə gün saxlanır. Sonra üzərinə çıxmış südəbənzər hissə götürülüb altda qalan spirtli fraksiya süzülür. Alınmış hər iki fraksiya soyuducuda saxlanır. Südəbənzər cövhər təmiz halda və ya bitki yağı ilə 1:2, ya da 1:3 nisbətində qarışdırılmış formada məlhəm şəklində xaricə istifadə edilir. Lakin süzülmüş spirtli fraksiya xərçəng xəstəlikləri, hipertoniya və kapilyarların kövrək olması zamanı 20 damcıdan 1 çay qaşığına qədər gündə 3-4 dəfə daxilə qəbul edilir.
Adəm almasından məlhəmin hazırlanması.
Bitkinin meyvələri xırdalanıb 5:1 nisbətində təzə heyvan piyi (məs., nutra) ilə qarışdırılıb sobada 1-2 sutka zəif odda saxlanır. Bu məlhəm qurdeşənəyinin, mastopatiyanın, dəri və düz bağırsaq xərçənginin müalicəsində tətbiq edilir. Alınmış məlhəm soyuq bir yerdə saxlanmalıdır. Onu da qeyd edək ki, heyvan piyi əvəzinə hər hansı bitki yağı da istifadə etmək olar.
Haymorit və adenoid. Bu zaman məlhəm qızdırılıb, lakin isti şəkildə olmamaq şərtilə hər iki burun dəliklərinə damızdırılır. Bu prosedur gündə 2 dəfə olmaqla 21 gün müddətinə aparılır. Lazım olarsa, müalicə 9 gün fasilədən sonra yenidən davam etdirilə bilər.
Mastopatiya və fibromastopatiya. Bitkinin məlhəmi 2-3 dəfə qaynadılıb şirəsi çıxmış kələm və ya at pıtrağının yarpaqlarına nazik şəkildə yaxılıb gecə vaxtı süd vəzi üzərinə qoyulur. Onun da üzərindən pambıq parça və qalın şərf bağlanır. Müalicə kursu 2-3 aydır.
Oynaq, ürək-damar və onkoloji problemlər. Bitkidən hazırlanmış 2 aylıq spirtli cövhər gündə 3 dəfə daxilə qəbul edilir. Birinci qəbulda ilk 30 həftə doza 3 damcıdan başlayaraq tədricən 30 damcıya çatdırılır, növbəti 30 həftədə isə 30 damcıdan tədricən 3 damcıya qədər azaldılır. Preparatın qəbulunu birdən-birə dayandırmaq olmaz. Bu cür qəbul qaydası 30 yaşından yuxarı şəxslərə aiddir.
Daban mahmızı. Bu zaman daban nahiyələri hər gecə bitkinin cövhəri ilə silinib üzərindən yun şərflə sarınır. Daha sonra bunun üzərindən yun corab geyinilir.
Kosmetologiyada. Bitkidən alınmış məlhəm kosmetologiyada hiperpiqmentasiya, qırışlar, dərinin irinli-iltihabi xəstəlikləri, çiban, abses və s. zamanı istifadə edilir.
Əks göstəriş. Yaddan çıxartmaq olmaz ki, bitki zəhərlidir. Onunla bir qədər ehtiyatlı olmaq lazımdır. Bu bitki əsasında hazırlanmış preparatlar hamiləlik və südvermə zamanı istifadə edilə bilməz.
Yuxarıda sadalananlar özbaşına deyil, yalnız həkim nəzarəti altında edilməlidir!