Arqan

Arqan

Arqan nədir? Bu sözlə yəqin ki, çoxları, xüsusən də qadınlar kosmetik vasitələrin üzərindəki yazıda rastlaşıblar. Lakin bu sözün nə olduğunu bilən isə təbii ki, azdır. Bunu yalnız Mərakeşdə yaşayanlar və kosmetik sahədə işləyənlər bilə bilər.
İndi isə arqan nədir sualının cavabına açıqlama gətirək. Arqan – bu insanlarda çox təəccüb doğuran və yalnız Mərakeş ərazisində bitən maraqlı bir bitkidir, daha doğrusu ağac bitkisidir. Arqan əsasən Şimal-qərbi Afrika və Atlas dağları ərazisində yayılmışdır.
Mərakeşin yerli əhalisi olan bərbərlər böyük bir fəxr və sevgi hissi ilə arqan bitkisini əbədi həyat və cavanlıq ağacı adlandırırlar. Ona görə ki, əhali arqan bitkisindən həm tikinti materialı, həm yanacaq, həm qida, yağ, həm də dərman kimi yararlanır. Bərbərlər müalicəvi arqan yağının hazırlanması texnikasını gizli saxlayaraq nəsildən-nəsilə ötürürlər. Arqan ağacı yalnız Mərakeş ərazisində bitir və hal-hazırda da bu ağacların sayca azalması qeyd olunur. Buna görə də 1999-cu ildə YUNESKO Mərakeşdə arqan ağacları bitən ərazini dünya biosfer qoruğu kimi elan etmişdir.
Botaniki təsviri. Arqan hündürlüyü 15 m-ə qədər olan həmişəyaşıl ağacdır. Onu da qeyd edək ki, arqan uzunömürlü bitkidi, 150-300 il yaşaya bilir. Bitknin üzərində meyvə səhrada sərt iqlim şəraiti olduqda 2 ildə 1 dəfə əmələ gəlir.
Arqanın ətli meyvələri zeytundan bir qədər iri olub xarici görünüşü sarı gavalını xatırladır. Meyvələrinin çox sərt qabıqlı (fındıq qabığından 2-3 dəfə artıq) çəyirdəyi mövcuddur. Çəyirdəyin içindəki toxumları isə badamı xatırladır, bunların sayı hər çəyirdəkdə 2-3 ədəddir.
Arqan yağı. Arqan yağı dünyada ən bahalı, nadir və qiymətli yağlardan hesab edilir, dəyərinə görə qara kürüyə bərabərdir. Mərakeş tarixçisi Əbdülhadi Tazinin yazdıqlarına görə mərakeşlilər arqan yağını hələ eramızdan əvvəl VIII əsrdən etibarən ixrac etməyə başlamışlar.
Kimyəvi tərkibi. Bu yağın sirri ondadır ki, onun tərkibində 45% oliqo-linol turşuları vardır. Bu yağ turşusu dəri hüceyrələrinin qocalmasının qarşısını alır, ürək-damar sistemi xəstəliklərinin yaranma riskini azaldır. Yağın tərkibində həmçinin 74% E vitamini mövcuddur. Arqan yağındakı bu saponin və tokoferollar antioksidant təsir xüsusiyyətlərinə malikdir. Unikal və spesifik tərkibinə görə bu yağ kosmetologiya, diyetologiya və tibbin digər sahələrində istifadə edilir.
Yağın tərkibində 80% doymamış yağ turşuları (35% linol turşusu), tokoferol, polifenollar, nadir sterinlər və s. vardır. Tərkibində olan tokoferolların səviyyəsinə görə zeytun yağından 2,5-3 dəfə üstündür. Tərkibindəki nadir sterinlər isə güclü desensibilizəedici və iltihab əleyhinə təsirlərə malikdir.
Təsiri. Uzun illər bundan öncə mərakeşli xanımlar cavanlaşdırıcı, nəmləndirici və bərpaedici vasitə kimi arqan yağından istifadə etməyə başlamışlar. Həmçinin günəş yanıqlarının, neyrodermitlərin, dəmrov və digər dəri xəstəliklərinin müalicəsində arqan yağına müraciət edilirdi.
Antioksidant təsir edir, qanda pis xolesterinin səviyyəsini azaldır, prostaqlandinlərin sintezində iştirak edir, mədə şirəsində pepsinin miqdarını artırır, analgetik təsiri də var, insulinin sintezini artırmaqla qlükozanın toxumalar tərəfindən mənimsənilməsini təmin edir, antibakterial təsir edir, dərini ultrabənövşəyi şüaların təsirindən qoruyur və s.
Özünün möcüzəvi təsirinə görə arqan yağı bu gün də kosmetologiya sahəsində ağır dəri xəstəliklərinin müalicəsində, dəri qocalmasına qarşı geniş tətbiq edilir. Nəinki kosmetologiya, həmçinin tibbin digər sahələrində də arqan yağı istifadə edilir, şəkərli diabet, müxtəlif yoluxucu xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, Alsheymer xəstəliyi və immun pozğunluqlarla bağlı yaranan xəstəliklərin müalicəsində arqan yağı istifadə edilir.
Kosmetologiyada arqan yağından masaj və maska şəklində geniş istifadə edilir. Saçların möhkəmləndirilməsi üçün həftədə 1 dəfə baş dərisinin bu yağla masajı kifayət edir. Masajdan sonra yağ bütün saç boyunca yaxılır. Daha sonra isti bir şalla baş bağlanır, 30-40 dəqiqədən sonra saçlar şampunla yuyulur.
Mərakeşdə arqan yağının əldə edilməsi. Mərakeşli xanımlara arqan ağacından meyvələrin toplanmasında keçilər kömək edir. Bəli, elə keçilər. Keçilər üçün arqan meyvəsinin qabıqları çox dadlı bir təamdır. Onlar bundan ötrü ağacın hətta 5 m hündürlüyündə yerləşən budaqlarına kimi dırmaşa bilirlər. Maraqlıdır ki, onlar bu budaqlarda qalmaq üçün özləri üçün xüsusi balanslaşdırılmış texnika da seçmişlər.

Keçilər meyvələrin qabığını qopardıqdan sonra içinin çəyirdəyini tüpürürlər və ya tüpürmürlərsə də, çəyirdək həzm olunmayaraq onların nəcisi vasitəsilə xaric olur. Qadınlar isə bunu asanlıqla toplayıb daşla çəyirdəkləri sınıdırırlar. Lakin bütöv halda olan meyvələri isə əvvəlcə günəş altında qurudurlar. Qida üçün nəzərdə tutulumuş arqan yağını almaqdan ötrü toxumlar bir qədər qovrulur ki, müəəyyən ətri əldə edə bilsin. Lakin kosmetik məqsədlər üçün toxumlar qovrulmur, bu zaman yağın heç bir qoxusu olmur. Bundan sonra toxumlar mexaniki yolla preslənir və alınmış yağ xüsusi kağızdan filtrasiya edilir. Arqan yağının dadı bir qədər balqabaq toxumlarının dadına bənzəyir.
Bir ədəd yetkin arqan ağacı 6-8 kq meyvə verir. 100 kq meyvədən isə 5 kq çəyirdək əldə edilir ki, bundan da cəmi 1-2 kq yağ alınır. Təkcə toxumların daşla çəyirdəkdən aralanması 12 saat vaxt aparır. Mütəxəssislərin hesablamasına görə bərbərlər hər il 350 min ton toxum toplayır və bundan da 12 milyon litr yağ əldə edirlər. Bu yağın isə dünya bazarında əsas başlıca alıcısı Fransadır.
Arqan yağı əsasında hazırlanan reseptlər.
Üz üçün. Yaxşı olar ki, ilk dəfə üçün bu yağdan az-az və yalnız gecələr istifadəyə başlansın. Bu dərinin yağa qarşı reaksiyasını təyin etmək üçündür. Bundan sonra yağdan istifadəni gündə 2 dəfəyə kimi artırmaq olar.Əgər yağdan təmiz halda istifadə edilirsə, onda 2 damcı yağ nəmli dəriyə dairəvi masaj hərəkətlərilə yeridilir. Bu istənilən növ dəri üçün keçərlidir. Həmçinin yağdan çatlayan dodaqlar üçün də istifadə edilə bilər. Problemi dəri üçün qara zirə yağı ilə arqan yağı bərabər nisbətlərdə qarışdırılıb dərinin problemli nahiyələrinə gecə və gündüz yaxılır.
Maskalar.
• 2 çay qaşığı arqan yağı, 2 çay qaşığı təbii yoqurt, 1 çay qaşığı bal və 1 çay qaşığı avokado ləti qarışdırılıb 15 dəqiqə müddətinə dəriyə yaxılır, bundan sonra dəri ilıq su ilə yuyulur.
• 1 xörək qaşığı mavi gil, 1 çay qaşığı arqan və badam yağı qarışığı və bir qədər ilıq su (pasta şəklini almaq üçün) qarışdırılıb 10-15 dəqiqə müddətinə dəriyə yaxılır. Bundan sonra ilıq su ilə yuyulub üz dərisinə nəmləndirici krem çəkilir.
Saçlar üçün. Başın dərisi 2-3 gündən bir 10 gün müddətinə davamlı şəkildə təmiz arqan yağı ilə masaj edilir, bundan sonra saç şampunla yuyulmalıdır. 1,5-2 həftə fasilə verdikdən sonra proseduru təkrarlamaq lazımdır.
Bədən üçün. 1 xörək qaşığı arqan yağına 5-7 damcı naringinin efir yağı əlavə edilib bədənin problemli dərisi olan nahiyələrinə çəkilir. Başqa bir metod da var – bunun üçün istifadə etdiyiniz gelin içinə 7-8 damcı arqan yağı əlavə edib yuyuna bilərsiniz.
Əl və dırnaqlar üçün. Bunun üçün əllərinizə daima istifadə etdiyiniz sevimli kreminizə 5 damcı arqan yağı əlavə edərək əl dərinizi və dırnaqlarınızı bununla masaj edə bilərsiniz.