Keşyu

Keşyu

Keşyunun vətəni Braziliya hesab edilir. Əsasən tropiklərdə yetişdirilir. Keşyu geniş yayılmış qida vasitəsidir. Keşyu bitkisinin meyvələrinin qabığından kaju (kardoyl) yağı əldə edilir. Bu yağ tibb və texnika sahəsində istifadə edilir. Onun armud şəklində olan saplaqları (kaju alması) isə müxtəlif yeməklərin hazırlanması zamanı əlavə edilir. Keşyunun 12 metrə çatan qocaman gövdəsindən isə yapışqan kamed əldə edilir.
Keşyu çox asanlıqla çoxaldılır. Buna görə də bundan indiki müasir Braziliya ərazisində yaşamış hindu əsirləri olan tikunalar istifadə etmişlər. Tikuna dilində keşyu acaju sözündən götürülüb, tərcüməsi sarı meyvə deməkdir. Onlar keşyudan təkcə kulinariya məqsədilə istifadə etmirdilər. Bundan əlavə keşyu digər Cənubi Amerika ölkələrində müxtəlif adlarla bilinmişdir. Məsələn, Venesuelada keşyu merey adı ilə tanınmaqdadır. Bundan əlavə Latın Amerikasının digər ispandilli ölkələrində maranon adı ilə tanınır. Maranon sözü Braziliyanın şimalında yerləşən Maranyan limanının adından götürülmüşdür. Məhz keşyu ağacı onlar tərəfindən ilk dəfə bu limanda aşkar edilmişdir. Bəzi ölkələrdə ona anakardium da deyilir.
Botaniki təsviri. Keşyu 10-12 metr hündürlüyündə qeyri-düzgün budaqlanan gövdəyə malik həmişəyaşıl ağacdır. 4-22 sm uzunluqda olan ellipsvari və ya yumurtavari yarpaqları tam kənarlı olub növbəli düzülüşlüdür. Tədricən qırmızı rəngə keçən solğun yaşıl rəngli çiçəkləri 7-15 mm ölçüsündədir. Sumaqkimilər – Anacardiaceae fəsiləsinin nümayəndəsidir.
Keşyu meyvəsi adlanan hissə əslində bitkinin saplaqlarıdır. Armudşəkilli və ya rombabənzər-uzunsovşəkilli bu saplaqlar 5-11 sm uzunluğunda olur. Bu hissəni botaniklər psevdomeyvə adlandırırlar. Keşyunun psevdomeyvəsi sulu olub bir qədər büzücü, turşməzə dada malikdir. Lakin bitkinin əsl meyvəsi bu psevdomeyvədən sonra gələn hissədir ki, biz onu keşyu adlandırırıq. Xarici görünüşünə görə miniatür boksçu əlcəyini xatırladan bu meyvə xaricdən ikiqat qişa ilə örtülmüşdür. Qabığın ən üst hissəsinin tərkibində fenol qətranı mövcuddur. Bir ədəd keşyunun çəkisi 1,5 qramdır.
Kimyəvi tərkibi. Keşyunun psevdomeyvələri tanninlə zəngindir, tez bir zamanda (1 sutka ərzində) da xarab olur. Buna görə də bir çox ölkələr onun istehsalından qaçırlar. Keşyu meyvələri digər quru meyvələrlə müqayisədə nadir hallarda allergiya verir. Keşyunun tərkibində çoxlu zülal və karbohidratlar, A, B1, B2 vitaminləri, dəmir, sink, fosfor, kalsium, omeqa-3 doymamış yağ turşuları vardır. Asiya ölkələrində keşyu adi bir inqrediyent hesab edilir. Keşyudan araxis yağına bənzər yağ əldə edilir.1 qr keşyu yağının energetik dəyəri badam, araxis və qozun energetik dəyərindən 5,5 kkal aşağıdır, yəni 100 qr keşyu 600 kkal enerji verir.
Yayılması. Keşyunun bitmə arealı elə də geniş deyildir. Onun təbii arealı Braziliyanın şərqi hesab edilir. Lakin onun digər süni yayılma arealı isə Hindistan, Qərbi Afrika, Cənub-Şərqi Asiyadır (ilk növbədə Vyetnam). Bunlardan əlavə keşyu İran və Azərbaycanın cənubunda da yetişdirilir. Keşyu hal-hazırda dünyanın mülayim və isti iqlim qurşaqlarına malik 32 ölkəsində yetişdirilir. Keşyunun illik istehsalı 2,7 milyon ton təşkil edir. Dünyada əsas keşyu istehsalçıları bu ölkələr hesab edilir: Vyetnam, Nigeriya, Hindistan, Braziliya və İndoneziya.
Tətbiqi. Keşyunun psevdomeyvələrindən cem, jele, kompot və spirtli içkilərin hazırlanmasında istifadə edilir. Bundan əlavə Latın Amerikası ölkələrində keşyudan Avropada, Şimali Amerikada portağal şirəsi qədər məşhur olan kajuina içkisi hazırlanır. Həmçinin Hindistanın Hoa ştatında fenni likoru hazırlanır.
İstifadədən öncə bitkinin üst qabığı təmizlənməlidir. Təmizləmə zamanı ehtiyatlı olmaq lazımdır. Belə ki, keşyunun qabığının tərkibində olan anakardon turşusu və kardol kimi aşılayıcı maddələr insan dərisini qıcıqlandıra bilər. Buna görə də keşyu istehsalçıları ilk öncə onun qabığını təmizləyir, sonra isə keşyunu deşirlər ki, onun tərkibində olan-qalan qətran maddələri də buxarlanıb getsin. Məhzbuna görə də siz heç vaxt satışda qabıqlı keşyuya rast gələ bilməzsiniz.
Tibdə tətbiqi. Maraqlıdır ki, keşyu müxtəlif ölkələrdə müxtəlif məqsədlər üçün istifadə edilir. Məsələn, tropik ölkələrin əksəriyyətində termitlərlə mübarizədə, Afrikada tatuaj üçün, Braziliyada afrodiziak kimi, Haitidə diş ağrılarına və ziyillərə qarşı, Panamada hipertoniyanın müalicəsində, Peruda antiseptik vasitə kimi istifadə edilir və s. Alimlər müəyyən etmişlər ki, keşyu diş emalını dağıdan bakteriyaları məhv etmək gücünə malikdir.
Keşyu meyvələri antiseptik, tonuslandırıcı, antibakterial və s. xüsusiyyətlərə malikdir. Braziliyada keşyudan yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı istifadə edilir. Keşyu qanda xolesterinin səviyyəsini azaldır. Həzmi normallaşdırır. Ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir. Kosmetologiya sahəsində də keşyu yağı sınaqdan keçirilmişdir. Dərini günəş yanmalarından xilas etmək üçün 1 xörək qaşığı keşyu yağına 2-3 damcı lavanda və ya qızılgül yağı əlavə edilib qarışdırıldıqdan sonra dərinin qızarmış nahiyələrinə çəkilir.
Keşyu çox da isti olmayan yerlərdə saxlanmalıdır, əks təqdirdə o, öz dadını itirərək acı dad verəcəkdir. Keşyu soyuducunun buzluq kamerasında 1 ilə yaxın, soyuducuda bir neçə aya yaxın, quru sərin və ağzı kip bağlı konteynerdə isə 1 ay qala bilər.