Brokkoli kələmi

Brokkoli kələmi

Brokkoli kələmi birillik tərəvəz olub xaççiçəklilər – Cruciferae fəsiləsinə daxildir. İtalyan dilindən tərcümədə brokkoli sözü brokko sözündən götürülüb tərcüməsi zoğ və ya budaqcıq deməkdir. Brokkolinin vətəni Kiçik Asiya və Şərqi Aralıq dənizi sahilləri hesab edilir. Yunan və romalılar brokkolini hələ 2000 il bundan əvvəl qida kimi istifadə edirdilər. Lakin Avropada bu bitki XVI əsrdən məşhurlaşmağa başlamışdır. XX əsrin 20-ci illərindən etibarən brokkoli Amerikada da tanınmağa başladı. Brokkoli kələmi İngiltərə, İspaniya və İtaliyada geniş yayılmışdır. Lakin Rusiya ərazisində brokkoli az yetişdirilir. Brokkolini kələmlərin şahı hesab edirlər. Brokkolinin ən geniş yayılmış növü kalabrezdir.
Botaniki təsviri. Brokkoli kələmi tünd-yaşıl rəngli hamaşçiçəklərə malik birillik bitkidir. Bu kələm ən tez yetişən kələmdir. Onun vegetasiya dövrü bitmə vaxtından başlamış yığılmasına qədər cəmi 60-65 gün çəkir. Brokkoli kələmi gülkələmindən başının quruluşuna görə fərqlənir. Brokkoli kələminin başı bənövşəyi və ya yaşıl rəngli formalaşmış qönçələrdən ibarətdir. Başcıqların diametri 10-12 sm-ə çatır.
Qida məqsədilə bitkinin qönçələri və cavan zoğları istifadə edilir. Kələmin faydalı xüsusiyyətlərini saxlamaq üçün onu buxarda bişirmək məsləhətdir. Bişdikdən sonra brokkoli kələmi bir qədər diri qalmalıdır. Kulinariyada brokkoli ət, tərəvəz xörəklərinə az kalorili, vitaminli qarnir kimi verilir və ya salatlara əlavə edilir.
Brokkolinin aşağıdakı növləri vardır: vyarus, qrin sproutinq, arkadiya, imperator, korvet, lazer, fiyesta, atlantik, genui, qnom, fortuna, sezar, balboa, qrin favorit, morterey, kontinental, laki. Bunlardan ən maraqlı görüntüyə malik olanları bunlardır: vyarus, imperator, genui.
Kimyəvi tərkibi. Brokkoli kələminin tərkibində sellüloza, K, P, Ca, Mg, Fe, Zn, Mn, S elementləri, C, B1, B5, B6, PP, E, K, U vitaminləri, A provitamini, beta-karotin və s. vardır. Brokkoli tərkibində beta-karotinin olmasına görə bir çox tərəvəzlərdən üstün sayıla bilər. Bu kələmdə olan xlorofil qanın tərkibinə müsbət təsir göstərir. Bununla yanaşı brokkolidə olan əvəzolunmayan amin turşular onu kimyəvi tərkibinə görə mal ətinə, tərkibində olan lizin və izoleysinə görə isə toyuq yumurtası zülalına yaxınlaşdırır.
Brokkolinin baş hissəsində olan sulforafan onun gövdəsində olandan 10 dəfə azdır. Onu da qeyd edək ki, brokkoli qaynadıldıqda tərkibində olan sulforafan tamamilə parçalanır. Brokkolinin tərkibində olan sineqrin maddəsi xərçəng hüceyrələrini məhv edir, onların bölünməsinin qarşısını alır. Digər maddə isə indol-3-karbinoldur. Bu maddə nəinki xərçəng hüceyrələrinə, həmçinin immun sistemə də təsir göstərir.
Brokkoli qiymətli tərəvəz hesab edilir, çünki onu aterosklerozun profilaktikası, ürək-damar sistemi xəstəlikləri zamanı məsləhət görürlər. Həkimlər brokkolini sinir pozğunluğu əleyhinə istifadə etməyi təklif edirlər. Bu kələm insan orqanizmindən təhlükəli olan ağır metal duzlarını xaric edir, orqanizmin radiasiyaya qarşı müqavimətini artırır. Hətta bu yaxınlarda brokkolinin xərçəng əleyhinə təsiri də ortaya çıxdı. Con Hopkins tibb kollecinin tədqiqatçıları brokkolinin tərkibində olan sulforafan adlı maddəni aşkar etmişlər. Bu maddə mədədə xoranın bəzi növlərini yaradan bakteriyaları məhv edir, mədə xərçənginin yaranmasının qarşısını alır. Sulforafan hətta antibiotiklərə xüsusi rezistentlik göstərən bakteriyaları da məhv edir. Hal-hazırda alimlər bu maddənin əsasında orqanizm tərəfindən asan mənimsənilən preparat hazırlanmasının üzərində işləyirlər.
Maraqlıdır... Brokkolinin tərkibində limon qədər vitamin C vardır. Təzə brokkolini tərkibində vitamin və mikroelementləri saxlaması üçün 5-7 dəqiqə, dondurulmuşunu isə 10-12 dəqiqədən artıq qaynatmaq lazım deyil. Brokkolinin kalorisi 34 kkal-dir (zülal – 2,82 qr, yağ – 0,37 qr, karbohidrat – 6,64 qr).
Reseptlər.
• 100 ml brokkoli şirəsi ilə 100 ml brokkoli toxumlarının dəmləməsi qarışdırılıb yuxusuzluq zamanı hər axşam daxilə qəbul edilir.
• Dərinin yanmış nahiyələrinə brokkoli kələminin şirəsi yaxılır.
• Qaraciyər xəstəlikləri zamanı 1 ay ərzində hər gün 40 ml brokkoli şirəsi daxilə qəbul edilir.
• 20 qr brokkoli kələmi toxumlarının üzərinə 200 ml qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmdə saxlanır. Süzüldükdən sonra alınmış məhlul qurd xəstəlikləri zamanı gün ərzində içilir.
Brokkoli salatı. Brokkoli salatının hazırlanmasına aşağıdakı məhsullar lazımdır:
• Brokkoli kələmi – 1 ədəd
• Qırmızı qreypfrut – 1 ədəd
• Nar dənələri – 3/4 stəkan
• Qırmızı soğan – 1 baş
• Xırdalanmış qoz – 3/4 stəkan
• Bal – 1 xörək qaşığı
• Ağ sirkə – 2 xörək qaşığı
• Zeytun yağı – 1 xörək qaşığı
• Duz və qara istiot zövqə görə
Hazırlanması: Brokkolinin güllü başcığı ayrılaraq 1 dəqiqə müddətinə qaynar suda saxlanır, bundan sonra üzərinə soyuq su əlavə edilib bir müddət burada saxlanır. Qreypfrut dilimlənib ona acılıq verən ağ hissələrindən təmizlənir. Qırmızı soğan xırda şəkildə doğranır. Xırdalanmış qoz bir qədər qovrulur. Ayrıca bir qabda isə bal, zeytun yağı, sirkə, duz və istiot qarışdırılıb sous hazırlanır. Bütün bu doğranıb xırdalanmış məhsulların (qoz və nardan başqa) üzərinə sous əlavə edilərək qarışdırılır. Salat süfrəyə verilən zaman üzərinə nar və qoz qarışığı səpilir.