Pərpətöyün

Pərpətöyün

Pərpətöyün adı ilə tanınsa da Elmi adı Pərpərən adlanır. Bu cinsə təxminən 100-ə yaxın növ daxildir. Onlardan biri, bostan pərpərəni (P.oleracea) qidada istifadə olunan bostan bitkisidir. Dekorativ gülçülükdə isə iriçiçəkli pərpərən (P.grandiflora) istifadə olunur.Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Qədim Misirdə pərpətöyünün yarpaqları və gövdəsini yeməyə əlavə etməklə ondan şəfalı bitki kimi istifadə edirdilər. Ərəblər də orta əsrlərdə pərpətöyünü yüksək qiymətləndirərək onu "bəzəkli tərəvəz” adlandırırdılar. Qədim Yunanıstanda isə bu bitki daha çox dərman bitkisi kimi tanınırdı ki, bu faktı Hipokratın əsərləri də təsdiqləyir. Pərpətöyünlə ilan sancması, yuxusuzluq və müxtəlif yaraları müalicə edirlər. Böyük Plini digər bitkilər arasında məhz pərpətöyünü "istifadəyə məcbur" hesab etmişdi. Məşhur şərq təbibi İbn Sina da pərpətöyünü ən mühüm təbii dərmanlardan biri kimi qiymətləndirirdi. Hazırda pərpətöyün Qafqazda, Hindistanda, Fransa və Aralıq dənizi ölkələrində yetişdirilir.
Gövdəsinin uzunluğu 10-52 sm olan, torpaq üzərində yayılan və yaxud dik qalxan, çılpaq, ətli, əsas hissəsindən budaqlanan birillik ot bitkisidir. Gövdənin aşağı hissəsində yerləşən uzunsov pazvari quruluşlu yarpaqları növbəli, yuxardakılar isə qarşı-qarşıya düzülüşlüdür. Çiçəkləri xırda sarı və ya ağ rəngdə olub, tək-tək, bəzən də topa halında gövdə yarpaqlarının uc hissələrində yerləşir. Toxumları tünd-bozumtul və yaxud qara rəngdədir. Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir.
Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palimitin, stearin kimi yağ turşuları mövcuddur. Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumları istifadə edilir. Pərpətöyünün tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində istifadə olunur. Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, sidikqovucu effekt verərək iltihabi məhsulların orqanizmdən xaric olmasını sürətləndirir. Enterokolit, hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin sayəsində qankəsici təsir göstərir. Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.
Pərpətöyünün (Pərpərən) mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya, trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır. Gövdəsinin və yarpaqlarının tərkibində olan selikli maddələr dəri və selikli qişaların regenerasiyasını artırır, dəri altı kollagenin parçalanmasını ləngidir, tərkibindəki A vitamin dərinin qidalanmasını yaxşılaşdırır, dəri yaşlanmasının qarşısını alır. Pərpətöyündən hazırlanan maska dərini cavanlaşdırır, qırışların hamarlanmasını təmin edir.
Əks göstərişləri
Pərpətöyün arterial təzyiqi yüksəltdiyinə görə hipertoniyadan əziyyət çəkənlər ondan istifadədə ehtiyatlı olmalıdırlar. Daha bir əks göstərişi hamiləlikdir. Bitki uşaqlığın tonusunu artırdığına görə hamilə qadınlar üçün məsləhət deyil.
Pərpətöyün turşusu
1 kq pərpətöyün iri, ətli zoğları və yarpaqlarıyla birgə axar su altında təmiz yuyulur. Hər dəstədə 10-12 ədəd olmaqla dəstələrə bağlanır, 2 litrlik şüşə bankaya sıra ilə yığılır, hər sıranın arasına , 1-2 diş sarımsaq, 2-3 ədəd dəfnə yarpağı, quru şüyüd toxumları, kərəviz yarpaqları, 3-4 ədəd qara istiot dənəsi əlavə edilir. 3 xörək qaşığı iri xörək duzu, 4 fincan üzüm sirkəsi və 2 fincan suyun qarışığı üzərinə çıxana qədər əlavə edilir, qapağı bağlanır. Sərin yerdə saxlanır.
Qatıqlı pərpətöyün salatı
1 böyük dəstə təzə pərpətöyün
2 fincan süzmə qatıq
2 diş əzilmiş sarımsaq (qədəri zövqə görə müəyyənləşdirilir)
Quru nanə zövqə görə
Duz, qırmızı istiot zövqə görə
Üzəri üçün zeytun yağı, qırmızı istiot.
Hazırlanması:
Pərpərən təmizlənir, yarpaqları ilə birgə iri-iri doğranır, axar su altında təmiz yuyulur. Suyu süzülüb qurudulur. Bir qabda süzmə qatıqla əzilmiş sarımsaq qarışdırılır. Pərpətöyün əlavə olunur, qarışdırılır. Tam qarışdıqdan sonra zövqə görə duz və nanə əlavə edilir. Hazır salat dayaz boşqaba qoyulur. Üzərinə bir qədər zeytun yağı gəzdirilir, qırmızı istiot səpilərək süfrəyə verilir.
Resept
2 xörək qaşığı təzə pərpətöyünün üzərinə 1 stəkan su əlavə edilir zəif odda 10 dəqiqə qaynadılır, üzəri yun dəsmalla bükülərək 1,5-2 saat dəmlənir, süzülür. Alınan dəmləmə artrit, kişilərdə cinsi fəaliyyətin zəifləməsi zamanı 1-2 xörək qaşığı gündə 3-4 dəfə daxilə qəbul edilir, baş dərisində kəpəklənmə və saç tökülməsi zamanı saçların diblərinə çəkilir.