Arı havası müalicəsi

Arı havası müalicəsi

PƏTƏK HAVASI
Güldən-gülə, çiçəkdən çiçəyə qonaraq bal toplayan arı həqiqətən dünyanın möcüzələrindən biridir. Arı öz yuvasını adətən çiçəkli çəməndə, meşəyə yaxın, sudan bol və küləkdən uzaq yerlərdə qurur. Onun yuva qurduğu yerin havası, suyu və qidası təmiz olmalıdır. Arı məhsullarının saflığı və təmizliyi də bilavasitə həmin amillərlə əlaqədardır.
Yaz girən kimi arı çiçək tozu toplamağa başlayır. Ətrafda bir çiçək gözə dəymədiyi halda, arı özünü dağa-daşa vurub ilk açan çiçəyi tapır. Hələ qar-sazaq çəkilib getməmiş arı ağzında sarı çiçək yuvasına qayıdır. Kilometrlərlə uçaraq tapdığı novruzgülü çiçəyi və ondan toplanan bal mövsümün ilk məhsulu kimi pətəyə gətirilir. Lakin çətinlik arını qətiyyən qorxutmur və məhsul ardınca dalbadal yeni uçuşlar edir. Minbir gül-çiçəyə qonaraq bala arılar üçün çiçək tozu tapıb gətirən arı yavaş-yavaş çoxalıb güclənir, həndəsi silsilə ilə artaraq növbəti bal mövsümünə hazırlaşır. Bunun üçün kifayət qədər gözləri hörülmüş təzə şan toxumaq lazımdır. Gecikmək və ya bu işi vaxtında görüb çatdırmamaq balsız və yemsiz qalmaq deməkdir.
Lakin bal arının sağlamlıq üçün əhəmiyyətli olan yeganə məhsulu deyil. Təcrübəli arıçılar və arıterapiya ilə məşğul olanlar onun baldan başqa digər müalicəvi məhsullarını belə sıralayırlar: çiçək tozu, perqa, arı südü, propolis, arı mumu, arı zəhəri, zabrus-balın qaymağı, erkək arı südü, mum güvəsi ekstratı, ölmüş arı xitozanı. Son vaxtlar həmin məhsulların sırasına daha biri əlavə olunub. Arı pətəyinin içərisindəki hava ilə nəfəs almaqla bir sıra xəstəliklərdən qurtulmaq mümkünlüyü aşkar edilib. Belə bir təcrübə Quba rayonunda fitoterapevt və apiterapevt Elnur həkim tərəfindən aparılır.
Almaniya, Yaponiya, Çin, Türkiyə və Ukrayna alimləri uzun illərdir ki, arıterapiyanın bu sahəsinin müalicəvi əhəmiyyətindən istifadə etmək barədə axtarışlar aparırlar. Məsələ burasındadır ki, arıların öz pətəklərini bakteriya və mikroblardan qorumaq üçün istifadə etdikləri propolis ən təbii antibiotikdir. Pətəyin içərisindəki propolis, bal və mum isti havanın təsiri ilə müəyyən qədər buxarlanaraq havaya qarışır. Xəstənin həmin havanı sorması olduqca müsbət təsir göstərir. Üç komponent - hava, arıların titrəyişləri və pətəkdə olan səs sakitləşdirici müalicə şəraiti yaradır. Bronxial astma, allergiya, xroniki baş ağrısı və ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələr xüsusi nəfəsliklər vasitəsilə arı pətəklərinin içərisindəki havanı sormaqla yüngülləşərək sağalmağa başlayırlar.
Təcrübəli arıçının sözlərinə görə, prosedur ən azı 4 gün aparılmalı və hər müalicə seansı 3-4 saat davam etməlidir.
... Zərif qanadlarla kilometrlərlə uzağa uçaraq bal toplayan arının təkcə istehsal etdiyi məhsullar deyil, onun pətəyinin havası da sağlamlıq və şəfa mənbəyidir.
SİTAT
“Dağlarda, ağaclarda və onlarınn qurduğu çardaqlarda özünə evlər tik. Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə asanlaşdırdığı yollarla get! Onların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (Qurani-Kərim,“Nəhl” surəsi, 68-69).