İspanaq

İspanaq

İspanaq
Qədim Misir ehramlarında tapılan əlyazmalarda eramızdan əvvəl IV əsrdə ispanağın istifadəsi və mədəni sortlarının yetişdirilməsi barədə məlumatlar var. Ancaq bitkinin mədəni sortlarına oxşayan yabanı növünə yalnız Qafqazda və Mərkəzi Asiyada rast gəlindiyinə görə onun vətəninin həmin ölkələr olduğu güman edilir.
Məşhur şərq təbibi İbn Sina ispanağın müalicəvi xüsusiyyətləri haqqında bəhs edərkən onu “bitkilərin şahı” və “mədənin süpürgəsi” adlandırmışdı.
İspanaq çiy şəkildə istifadə zamanı daha faydalı təsir göstərsə də, bişiriləndə müalicəvi xüsusiyyətlərini itirmir. Bir çox dünya ölkələrinin kulinariyasında ispanağın özünəməxsus yeri var. Ondan xörək, salat, şoraba, qəlyanaltı, püre, sous və konservlərin hazırlanmasında istifadə edilir. Tərkibində olan yüksək miqdarda bioloji aktiv maddələr uşaqların qidasında da ondan istifadə etməyə əsas verir.
Tibdə tətbiqi
İspanaq qanazlığı, hipertoniya, şəkərli diabet, vərəm, hipoasid qastrit, enterokolit, qəbizlik və parodontoz kimi xəstəliklərin müalicə və profilaktikasında tətbiq olunur. Tərkibində olan fol turşusu hamiləlik zamanı döldə sinir sisteminin normal formalaşmasını təmin edir, yaşlılarda isə Alzheymer xəstəliyinin qarşısını alır.
Tərkibində olan dəmir duzları və B qrupu vitaminləri sayəsində qanyaranmanı sürətləndirir, dəmir çatışmazlığı ilə müşayiət edilən qanazlıqlarında olduqca faydalı təsir göstərir, həmçinin dərialtına piy toplanmasının və sellülitin qarşını alır.
İspanaq yarpaqlarında çox miqdarda olan sekretin zülalı mədə və bağırsaqların, mədəaltı vəzin şirə ifrazını artıraraq həzmi yaxşılaşdırır, bronxların sekresiyasını stimulyasiya edərək bəlğəmin yumşalmasını və xaric olmasını asanlaşdırır. İspanaq tərkibindəki həzm olunmayan liflər sayəsində bağırsağın selikli qişasını qıcıqlandıraraq onun normal fəaliyyətini təmin edir, qəbizliyin qarşısını alır. İspanaq karbohidrat mübadiləsini tənzimləyir, qlükozanın toxumalara keçməsini asanlaşdırır və qanda şəkərin səviyyəsini normallaşdırır.
Orqanizmdə K vitamininin çatışmazlığı nəticəsində yaranan sümük zəifliyi, qanaxmaya meyillik, damar kirəclənməsi kimi bəzi xəstəliklərin müalicə və profilaktikasında olduqca faydalıdır. Həmin vitamin sümüklərə kalsium, maqnezium və fosforun keçməsini asanlaşdıran osteokalsin maddəsini aktivləşdirir. K vitamini ilə zəngin olan ispanaq uşaq, yeniyetmə və qadınların qidalanmasında əvəzedilməz rol oynayır.
İspanaq prostat vəz xərçənginə qarşı güclü vasitədir. Tərkibindəki karotinoidlər şiş hüceyrələrinin inkişafının qarşısını almaqla yanaşı onların öz-özünü məhv etməsinə səbəb olur.
İspanaq tərkibində olan lütein və zeoksantin maddələri sayəsində sinir sisteminə sakitləşdirici təsir göstərir, qavramanı, zehni qabiliyyəti artırır, yuxunu yaxşılaşdırır, həmçinin makulada yaranan degenerasiya proseslərini ləngidərək görmə zəifləməsinin qarşısını alır.
Mütəmadi ispanaq qəbulu tərkibindəki yüksək miqdarda E vitamini, koenzim Q10, lipoy turşusu sayəsində sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric edir, şiş hüceyrələrinin inkişafının və erkən yaşlanmanın qarşısını alır, dərinin təravətli qalmasını təmin edir.
Tərkibində orqanizmə asan sorulan bitki zülallarının miqdarına görə yalnız noxud və lobyadan geri qalır.
 Məsləhət
İspanaq bişirildikdən sonra 24 saat ərzində yeyilməlidir. Uzun müddət isti yerdə qaldıqda ispanaqlı yeməyin tərkibində bakteriyaların təsirindən əmələ gələn nitratlar qana sorularaq eritrositlərin oksigen daşımasına mane olur və hüceyrə tənəffüsünü pozur. İstifadə olunduqdan 2-3 saat sonra göyərmə, təngnəfəslik, ürəkbulanma və ishal kimi zəhərlənmə əlamətləri baş verir. İspanaqdan hazırlanan yeməklərə şəkər əlavə edilməsi zəhərlənmə riskini azaldır.
Hansı hallarda ispanaqdan istifadə məhdudlaşdırılır?
Tərkibində yüksək miqdarda turşəng turşusu olduğuna görə böyrək və sidik çıxarıcı yolların xəstəliklərində, öd kisəsi daşlarında, pankreatit, podaqra, qastrit, mədə və bağırsağın xora xəstəliyində, həmçinin tərkibində K vitamininin çoxluğuna görə qan laxtalanması yüksək olan xəstəliklərdə az miqdarda istifadə olunmalıdır. Turşəng turşusu cavan, təzə yarpaqlarda daha az olduğundan həmin xəstəliklərdən əzyyət çəkənlər ona xüsusi diqqət yetirməlidirlər.
 RESEPTLƏR
 10 qram xırda doğranmış ispanaq yarpaqları üzərinə 1 stəkan qaynar su əlavə edilir, 1-2 saat dəmlənir, süzülür. Xronik qəbizlik, meteorizm, qanazlığı və vərəm zamanı gündə 3-4 dəfə yeməkdən 20 dəqiqə əvvəl 1/4 stəkan içilir.
 İspanaq yarpaqlarının şirəsi sıxılır, 1:1 nisbətində badam və ya küncüt yağı ilə qarışdırılır, alınan qarışığın çay qaşığı ilə uşaqlara verilməsi boy inkişafını sürətləndirir.
 Yanıq və ekzemaların müalicəsində ispanaq yarpaqlarının zeytun yağında bişirməsindən istifadə olunur. Onu hazırlamaq üçün xırda doğranmış yarpaqlar qaynayan zeytun yağına tökülür və ocaqdan götürülərək soyudulur. Yağı süzülmüş yarpaqlar zədəli nahiyəyə qoyulur.
 KULİNARİYA RESEPTLƏRİ
İspanaqlı keks
2 dəstə ispanaq yarpaqlarının yaşıl hissəsi qaynar suda 1-2 dəqiqə saxlanır, süzülür, rənginin itməməsi üçün üstünə soyuq su tökülür. Blender vasitəsilə eynicinsli püre halına salınır. 3 ədəd yumurta 1 stəkan şəkər tozuyla ağarana qədər çalınır, 1,5 stəkan un və 1 stəkan duru yağ, ən axırda ispanaq püresi əlavə edilərək qarışdırılır. 170 dərəcə temperaturda 20-25 dəqiqə bişirilir.
İspanaqlı əriştə
300 qram ispanaq yarpaqlarının yaşıl hissəsi çiy halda blenderdən keçirilir, püre halına salınır, üzərinə 3 ədəd yumurta, 1 çay qaşığı duz, yarım stəkan su və apardığı qədər qədər un əlavə edilərək bərk xəmir yoğrulur. Hazırlanan xəmir 10-15 dəqiqə özünü tutandan sonra 0,5 sm qalınlığında yayılaraq uzun lentlər şəklində kəsilir. Qaynamaqda olan suya duz tökülür, əriştələr həmin suda bişirilir, süzülür, üzərinə xama əlavə edilərək süfrəyə verilir.