Sidik ləngiməsi

Sidik ləngiməsi

Sidik ifrazının az-az, qırıq-qırıq olması və ya sidikliyin tam boşala bilməməsi sidik ifrazının sidik ləngiməsi kimi tanınır. Xəstəlik kəskin və xroniki olmaqla iki formada meydana çıxa bilər. Kəskin sidik ləngiməsi bir neçə saat ərzində inkişaf edir və xəstə özü sidiyə gedə bilmir. Güclü sidik çağırışları, qarnın aşağı hissəsində ağrı və gərginlik olur. Xroniki ləngimə zamanı xəstə özü sidiyə gedə bilsə də sidik kisəsini tam boşalda bilmir, bu da narahatlıq və ağrı törədir lakin belə xəstələrdə kəskin sidik çağırışları olmur.
Sidik ləngiməsinin səbəbləri
• mərkəzi sinir sisteminin mielit kimi xəstəlikləri və travmaları;
• prostatit, prostat vəzin adenoması və xərçəngi, sidiklik daşları, uretranın şişləri;
• cinsiyyət üzvlərində və düz bağırsaqda aparılan əməliyyatlar;
• güclü stress, alkoqol intoksikasiyası;
• doğuş və abortların ağırlaşması.
Bəzən sidik ləngiməsi əlamətləri uzun müddət ərzində yavaş-yavaş inkişaf edir. Ona görə də sidiyəgetmə zamanı qanlı ifrazat və aralıq nahiyəsində ağrı, ağrılı sidik çağırışları, böyrək nahiyəsində ağırlıq, sidik kisəsində doluluq hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır. Bir sıra hallarda sidikliyin ölçüləri gözlə görünəcək dərəcədə böyüyə bilər. Sidik ləngiməsinin ən qorxulu ağırlaşması sidik kisəsinin və ya sidik kanalının partlaması nəticəsində nəticəsində sidiyin qarın boşluğuna axması ağır peritonitin inkişafına və ölümə gətirib çıxara bilər.
Sidik ləngiməsi qəbizlik, iştahasızlıq, ürəkbulanma, qusma, yuxu pozulması və yalançı sidik çağırışları kimi əlamətlərilə də müşayiət olunur.
Kəskin hallarda sidikliyə kateter qoyulur və sidik boşaldılır. Eyni zamanda sidik yollarında olan spazmı aradan qaldırmaq üçün qarnın aşağı hissəsinə və aralığa istiqac qoyulur, təmizləyici imalə edilir.
• RESEPTLƏR
• Baş soğan ətçəkən maşından keçirilir, gündə 1 dəfə qarnın aşağı hissəsinə islatma qoyularaq 1-2 saat saxlanır.
• Kərəviz kökü sürtgəcdən keçirilir, şirəsi sıxılır, gündə 2-3 dəfə yeməkdən yarım saat qabaq 2 çay qaşığı qəbul edilir.
• Döşəkağı qatlanır, qaynar suda isladılır və sıxılaraq bel nahiyəsinə qoyulur, yarım saat saxlayandan sonra eyni qaydada qarın nahiyəsinə qoyulur. Eyni zamanda çöl qatırquyruğu otunun dəmləməsi hazırlanır və gündə 1 stəkan içilir.
• İtburnu meyvələrinin toxumları təmizlənir, yarım litrlik bankaya doldurulur, üzərinə banka dolana qədər 40 faizli spirt əlavə olunur. 3-5 gün ərzində açıq-qəhvəyi rəng alana qədər dəmlənir. Gündə 2 dəfə az miqdarda suda həll edərək 10 damcı qəbul olunur.
Dəmləmələr
• Ardıc meyvələri ya çiy şəkildə yeyilir, ya da 1 xörək qaşığı qurudulmuş meyvələr 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə yarım stəkan içilir.
Böyrəklərin kəskin iltihabı zamanı ondan istifadə etmək olmaz!
• 1 çay qaşığı kasnı kökləri 1 stəkan qaynar suda dəmlənir, soyuyandan sonra az miqdarda şəkər əlavə edilir. Alınan dəmləmə gün ərzində iki dəfə yeməkdən əvvəl qəbul edilir. Dəmləmə sidik kisəsinin iltihabında da müsbət təsir göstərir.
• Hərəsindən 1 çay qaşığı əzilmiş şüyüd toxumları və tozağacı tumurcuqları 2 stəkan qaynar suda 2 saat dəmlənir, süzüləndən sonra hər yarım saatdan bir qurtumla içilir.
• 15 qram may inciçiçəyi 1 stəkan qaynar suda dəmlənir, gündə 3 dəfə 2 çay qaşığı qəbul edilir.
• Balqabaq zoğları toplanaraq xırdalanır, 2 stəkan suya 20 qram xammal hesabı ilə dəmləmə hazırlanır və gündə 4 dəfə yarım stəkan qəbul olunur.
• Hərəsindən 2 hissə ayıqulağı yarpağı, göyçiçək və gəndalaş kökləri, hərəsindən 3 hissə qarğıdalı saçaqları və tozağacı tumurcuqları və 1 hissə qatırquyruğu otu qarışdırılır. Qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynadılmış soyuq suya əlavə edilir və 6 saat saxlanır. Sonra 15 dəqiqə vam ocaqda qaynadılır və gün ərzində 3 dəfəyə qəbul olunur.
• Hərəsindən 1 hissə qızılçətir otu, paxlagülü kökü, boymadərən otu, 2 hissə qatırquyruğu otu və 3 hissə tozağacı yarpağı qarışdırılır. 1 xörək qaşığı qarışıq 1 stəkan suda 15 dəqiqə qaynadılır və gün ərzində 2-3 dəfəyə içilir.
• 40 qram arpa samanı üzərinə 1 litr qaynar su əlavə olunur və 10 dəqiqə vam ocaqda qaynadılır. Süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan içilir.
• 1 xörək qaşığı qara qarağat və ya quşarmudu meyvələri 1 stəkan suda dəmlənir, gündə 2-3 dəfə yarım stəkan qəbul edilir.