Quru saçlar üçün

Quru saçlar üçün

Saçlarda quruluğa səbəb olan amillər:
• Ətraf mühit - günəş şüaları, havanın tərkibində olan kimyəvi maddələr, qazlar, yağış, tozlu külək;
• Tez-tez yuma və boyama, burma, düzləşdirmə üçün istifadə edilən kimyəvi maddələrlə təmas nəticəsində qidalandırıcı və qoruyucu rol oynayan təbii yağların azalması;
• Tərkibində sulfatlar olan, pH balanslanmayan aktiv şampunlar;
• Suyun tərkibindəki mikrobları məhv etmək üçün istifadə edilən xlor və digər kimyəvi maddələr;
• Qeyri düzgün qidalanma nəticəsində yağ turşularının, mineralların, dəmirin orqanizmdə çatışmazlığı;
• Saçları qurudan və düzləşdirən zaman yüksək temperaturla təmas;
• Bəzən dəridə, saçda, baş dərisində irsi olaraq müşahidə olunan quruluğa meyillik.
Bəzi təbii məhsullardan istifadə edərək quru, cansız və ucları haçalanmış saçlara yenidən həyat bəxş etmək olur:
• 4 xörək qaşığı balın üzərinə 6 xörək qaşığı zeytun yağı əlavə edilir, qarışdırılır. Yumazdan əvvəl saçın diblərinə və uzunluğu boyu çəkilir. Üzərinə sellofan qoyaraq 15-20 dəqiqə saxlanır. Təbii tərkibli Fitoton lavandalı şampunla yuyulur.
• Yarım stəkan süd götürülür üzərinə 1-2 xörək qaşığı bal əlavə edilir. Qaynar su hamamında bal əriyənə qədər qarışdırılır. Saçların dibinə və uzunluğu boyu çəkilərək yarım saat saxlanır, yuyulur.
• 1 ədəd yetişmiş avokado əzilərək püre halına salınır üzərinə 1 xörək qaşığı bal 1 xörək qaşığı Badam yağı əlavə edilir, qarışdırılır. Saçlara çəkilərək 20-30 dəq saxlanır, yuyulur.
• 2 xörək qaşığı bal, 1 xörək qaşığı saç yağı, 1 xörək qaşığı alma sirkəsi götürülür, qarışdırılır. Saçların ucundan başlayaraq diblərinə doğru çəkilir, 30 dəqiqə saxlanır, yuyulur.
• Püskürtmək üçün başlığı olan 1 litrlik plastik qab yarısına qədər suyla doldurulur, üzərinə 1 xörək qaşığı qliserin, 1 xörək qaşığı Fitooil Badam yağı, 1 çay qaşığı lavanda yağı, 1 çay qaşığı jojoba yağı əlavə edilir, çalxalanaraq qarışdırılır. Hər yumadan sonra saçlar nəm halda uc hissələrinə püskürdülür və otaq temperaturunda saçlar qurudulur. Həmin qarışıqdan gün ərzində saçıarı daramaq üçün istifadə edilən daraq və fırçalara da püskürtmək olar.
• 1 ədəd banan əzilərək püre halına salınır üzərinə 2 xörək qaşığı mayonez, 1 xörək qaşığı zeytun yağı əlavə edilir, qarışdırılır. Saçlara uclarından diblərinə doğru çəkilərək 20 dəqiqə saxlanır.
• Mövsümündə 10-11 ədəd çiyələk əzilərək üzərinə 1 xörək qaşığı mayonez əlavə edilir, qarışdırılır. Saç diblərini azacıq nəmlədikdən sonra hazırlanan qarışıq masaj edilərək çəkilir. 1 saat saxlanır, yuyulur.
• 2-3 diş sarımsaq həvəngdəstədə əzilir, üzərinə 3-4 xörək qaşığı zeytun yağı əlavə eədrək qarışdırılır. Kəpəklənmə, quruma olan zaman saç dibində çəkilərək 15-20 dəqiqə saxlanır, təbii tərkibli şampunla yuyulur.