Yemişli pəhriz

Yemişli pəhriz

Bir həftəlik yemiş pəhrizi və təbii qlükoza mənbəyi ilə sağlam çəki korreksiyası.

Yay aylarında tətbiq edilən ən səmərəli pəhrizlərdən biri yemiş pəhrizidir. Onu tətbiq etməyin ən yaxşı dövrü iyul-avqust aylarıdır, çünki forma, rəng və ölçüsünə görə geniş seçim imkanı olur. Sidikqovucu xüsusiyyətə malik olduğuna görə böyrəklərin təmizlənməsinə də kömək edir. Həzm prosesini yaxşılaşdırmaq üçün nahar zamanı birinci və ikinci xörəyin arasında bir dilim yemiş yeyilməsi mədədəki ağırlıq hissini aradan qaldırır.
Yemiş pəhrizi monopəhrizlərə aid olduğundan onun müddəti olduqca qısadır. Bir qayda olaraq həmin pəhrizi 3 gündən 7 günə qədər saxlayırlar. Bir həftə ərzində rejimə əməl edənlər 5 kiloqrama qədər çəkidən azad olan bilərlər. Proseduru bir həftədən bir təkrar etməklə iki aya 5-6 kiloqram çəki atmaq olar.
Pəhrizin uğurlu alınması üçün istifadə olunan məhsulun keyfiyyətinə xüsusi diqqət yetirmək lazımdır. Yemiş mütləq tam yetişmiş halda olmalıdır. Əllə üstündən vuranda kar səs çıxarması yetişmiş olduğuna işarədir, cingiltili səs çıxarması tam yetişməməsinin əlamətidir. Yetişmiş yemişin gözəl və güclü ətri olur, yetişməmiş yemiş ot iyi verir və ya ümumiyyətlə qoxusu olmur.
Pəhriz zamanı gündəlik menyuya 1-1,5 kiloqram yemiş daxil edilir. Orta ölçülü yemiş gün ərzində beş bərabər hissəyə bölünür və təmizlənir. Onu günün eyni saatlarında bərabər fasilələrlə qəbul etmək və yeməkarası fasilələrdə adi qazsız su və ya yaşıl çay içmək, gün ərzində təqribən 2 litrə qədər maye qəbul etmək lazımdır. Çayı təbii otlardan dəmləmək məsləhət görülür. Monopəhriz zamanı meydana çıxan stressi aradan qaldırmaq üçün sakitləşdirici otlar daha faydalıdır. Tərkibində çoxlu vitamin C olan, immuniteti möhkəmləndirən itburnu çayı və antidepressant təsirli dazıotu çayı, həmçinin bitki qarışığından ibarət olan Sedativ çay bu sahədə çox yaxşı təsir göstərir.

Səhər yeməyi
(hər gün eyni qaydada)
Duzsuz qaynadılmış, limon şirəsi ilə qarışdırılmış 1 stəkan düyü;
1 stəkan giləmeyvə kompotu.
Kompotun hazırlanma qaydası:
Birinci üsul: 1,5 stəkan suda 2 xörək qaşığı əzilmiş böyürtkən, çiyələk, moruq və s. giləmeyvələr qaynadılır, 10 dəqiqə ağzıbağlı halda saxlanandan sonra süzülür.
İkinci üsul: 1,5 stəkan qaynanmış suya 1 xörək qaşığı quru giləmeyvə (qırmızı qarağat, itburnu, böyürtkən və ya moruq) əlavə edilir, 20 dəqiqə termosda saxlanandan sonra süzülür.
Nahar
1-ci və 4-cü günlər
Üzərinə 1 xörək qaşığı zeytun, yaxud bitki yağı əlavə edilmiş pomidor, xiyar, bolqar bibəri və baş soğandan hazırlanmış 200 qram salat;
Yağlılığı 9% olan 150 qram kəsmik;
1 stəkan alma kompotu.
Kompotun hazırlanma qaydası:
1,5 stəkan qaynar suya nazik dilimlərə doğranmış 1 ədəd orta ölçülü alma əlavə olunur, 5 dəqiqə qaynadılır, 20 dəqiqə saxlanandan sonra süzülür.
2-ci və 5-ci günlər
Üzərinə 1 xörək qaşığı limon suyu və alma sirkəsi əlavə edilmiş, təzə kələm, xiyar, pomidor, baş soğan və göyərtidən ibarət 200 qram salat;
Suda qaynadılmış 150 qram ket, kefal və ya treska balığı;
1 stəkan şəkərsiz yaşıl çay.
3-cü və 6-cı günlər
Üzərinə limon şirəsi və 1 xörək qaşığı qaymaq əlavə edilmiş, suda qaynadıldıqdan sonra əzilmiş kök və çuğundur, təzə xiyar, sarımsaq və göyərtidən ibarət 200 qram salat;
Suda bişmiş 1 yumurta;
1 stəkan şəkərsiz açıq çay.
7-ci gün
Üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edilmiş, kahı, xiyar, alma və avokadodan ibarət 200 qram salat;
Toyuğun, yaxud hindquşunun döş ətinin soyutması;
300 qram yemiş, 1 xörək qaşığı qaymaq, 1 stəkan alma şirəsi.


Rəylər

Oxşar məqalələr